Nağıllar, hekayələr

Afina və Araxna

Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər.


Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina gəlib nizəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı. Hakimlər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina adlanır.


Yunanıstanın qonşuluğunda yerləşən Lidiyada Araxna adlı bir qız yaşayırdı. O, toxuculuqda ustalığı ilə ad çıxarmışdı. Lidiyadan və Yunanıstandan qızlar, hətta ilahələr gəlib onun əl işlərinə heyranlıqla tamaşa edirdilər. Araxna duman kimi yüngül, hava kimi şəffaf saplardan gözəl parçalar toxuyur və öyünürdü ki, toxuculuqda onun tayı-bərabəri yoxdur.


Bir dəfə Araxna dedi:


– Qoy Afina özü mənimlə yarışa gəlsin. Mən ona qalib gələrəm.


Afina həm də sənət və peşə ilahəsi sayılırdı. O, Araxnanın çağırışını eşitdi. Ağsaçlı, əli çəlikli qarı qiyafəsində onun qarşısına çıxdı:


– Araxna, gəl sən mənim məsləhətimə qulaq as, öz sənətində ancaq insanlarla bəhsə gir, ilahəni yarışa çağırma.


Araxna toxuduğu zərif parçanı əlindən yerə qoydu. Onun gözləri qəzəblə parladı. Qız acıqla qarıya cavab verdi:


– Sən nə danışırsan, qarı?! Qocalıq ağlını əlindən alıb. Belə nəsihətləri, get, öz gəlinlərinə və qızlarına ver. Mən isə nə etdiyimi bilirəm.


– Qocalıq təkcə gücsüzlük demək deyil, Araxna. Qocalıq həm də böyük təcrübə, müdriklik deməkdir. Təvazökar ol, itaət göstər, ilahəyə yalvar ki, təkəbbürlü sözlərinə görə günahından keçsin. O, səhvini anlayıb üzr istəyənləri bağışlayır.