Nağıllar, hekayələr

Rafiq İsmayılov. İdman ayaqqabısı

Məktəbin yaxınlığında balaca bir ayaqqabı dükanı var idi. Sahibinin adı Əşrəf idi. O özü satıcılıq edirdi. Satışdan gəliri cüzi olduğuna görə əlavə işçi saxlaya bilmirdi.
Yay tətilinin başlanmasına az qalmışdı. Ona görə də yüngül idman ayaqqabılarına tələbat artmışdı.
Dükanın qarşısında 11-12 yaşlı bir oğlan dayanıb vitrindəki ayaqqabılara baxırdı. Oğlanın sol ayağı dizdən aşağı yox idi. Qoltuqağacının köməyi ilə gəzirdi.
Əşrəf əmi yeni gətirdiyi malları vitrinə yerləşdirirdi. Bu zaman dükanın qarşısında duran oğlanı gördü. Oğlan gözünü bir cüt gözəl idman ayaqqabısına zilləmişdi.
– Ey, balaca, – deyə dükan sahibi onu səslədi, – xoşuna gəlir? Builki modeldir. Gözəldir, elə deyilmi?
– Həqiqətən, çox gözəldir! – deyə oğlan utancaq bir təbəssümlə cavab verdi.
Əşrəf əmi oğlanı içəri çağırdı.
– Gəl, əyləş. İstəyirsən, verim, bax gör ölçüsü uyğun gəlirmi?
– Amma...
– Nə amma?
– Mənim bir qıçım var...
– Nə olsun? Əskikliyi olmayan adam var? Kiminin qıçı əskikdir, kiminin əli, kiminin ağlı, kiminin əqidəsi. Məncə, adamın əqidəsi əskik olmaqdansa, qıçı əskik olsa, yaxşıdır.
– Əqidə nədir?
– Hələ balacasan. Böyüyəndə başa düşərsən.
Bunu deyib Əşrəf əmi ayaqqabını uşağa uzatdı. Oğlan ayaqqabının üstünə yapışdırılmış qiymət kağızına baxıb tez geri qaytardı:
– Yox, bağışlayın. Ala bilmərəm.
– Niyə, pulun çatmır? Problem deyil. İki aydan sonra bu ayaqqabılara 20% endirim olacaq. Sənin üçün endirim mövsümünü qabağa çəkərəm. Onu da nəzərə alaq ki, sən ayaqqabının bir tayını alacaqsan. Deməli, pulun yarısını verəcəksən. Bu eləyir... – Əşrəf əmi kalkulyatoru götürüb hesabladı, – on manat.
– Bəs ayaqqabının o biri tayını nə edəcəksiniz?
– Dostum, söhbəti uzatdın ha! – Əşrəf əmi ərklə dedi. – Mən sənin işlərinə qarışmıram ki. Sən də mənim işimə qarışma. Onu da sağ ayağı olmayan adama satacağam. Hə, yeri gəlmişkən, sən bu məktəbdə oxuyursan, eləmi? Mən bu məktəbin uşaqlarına hər ayaqqabıda beş manat güzəşt edirəm. Deməli, sənin mənə borcun beş manatdır.
Dükan sahibi uşağın çaşqın nəzərlərinə fikir vermədən onun köhnə ayaqqabısını çıxarıb yenisini geydirdi.
– Əla! – deyə öz işindən razı halda ayağa qalxıb ayaqqabıya baxdı. – Uşaqlar sənə həsəd aparacaqlar.
Sonra Əşrəf əmi uşağın köhnə ayaqqabısını götürüb ora-burasına baxdı:
– Bu ayaqqabını daha geyinməyəcəksən?
– Yox.
– Mən bu ayaqqabını alardım. Neçəyə deyirsən?
Uşaq heyrətlə dükan sahibinə baxdı:
– Siz nə danışırsınız?! Onun dabanı yırtılmaq üzrədir.
Əşrəf əmi gülümsündü.
– Dostum, sənin ayaqqabı alverindən başın çıxmır. Heç mağazada satılan cins şalvarları görmüsən? Ağarmış, dizi yırtıq şalvarları. Bəziləri belə geyim üçün əldən-ayaqdan gedir. Güman edirəm ki, sənin bu ayaqqabını ən azı on beş manata sata bilərəm. Beş manat mənim satıcılıq haqqım, beş manat da təzə ayaqqabı üçün sənin borcun. Deməli, mənim sənə beş manat borcum qalır.
Bunu deyib Əşrəf əmi cibindən beş manat çıxartdı və uşağa uzatdı.
Balaca oğlan hadisələrin bu cür gedişindən özünü tamam itirmişdi. Hər şey ona yuxu kimi gəlirdi. Anasının ayaqqabı üçün verdiyi 15 manata qənaət etmişdi. Hələ üstəlik ona pul da təklif edirdilər.
– Yox, götürmərəm, – dedi. – Siz mənim üçün endirim etdiniz. Mən də sizin üçün endirim edirəm.
– Nə yaxşı! Çox sağ ol. Vallah, bu gün mənim üçün çox uğurlu gündür.
Əyilib uşağın üzündən öpdü. Oğlan da qoltuqağacını buraxıb iki əli ilə onun boynunu qucaqladı. Bu zaman o, Əşrəf əminin gözünün necə yaşardığını görmədi.