Odlar Yurdu

Xınalıq kəndi

Quba rayonunda uca dağların, sıldırım qayaların qoynunda nadir bir kənd yerləşir. Qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bu kənd dağların üzük qaşı kimi dövrəyə aldığı Xınalıq kəndidir. 
 
Xınalıq kəndi Quba şəhərindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qərar tutub. 400-ə yaxın evin olduğu və 3000 nəfər insanın yaşadığı bu kəndin yayı sərin, qışı isə çox sərt keçir. Qışda havanın hərarəti mənfi 30 dərəcəyədək enir.
 
Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Bu kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olar.
 
Rəvayətlərə görə, bu kəndin sakinləri Nuh peyğəmbərin nəslindəndir. Qədim dövrlərdə Ketş kəndi sıldırımlı dağlarda yerləşirdi. Sonralar  baş verən zəlzələ zamanı kənddəki bütün evlər dağılır, əhalinin çox hissəsi həlak olur. Sağ qalanlar çayı keçərək kiçik bir təpəyə qalxır və orada Xınalıq kəndinin əsasını qoyurlar. 
 
Qudyalçayın dərin dərəsindən qalxıb kəndə yaxınlaşarkən göz önündə təkrarsız mənzərə açılır. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin həyətidir. Dağlar dik olduğundan evlər bir-birinə çox yaxın tikilib. Öz arxitekturasını indiyədək qoruyub saxlayan Xınalıqda evlərin hamısı qədimdir və demək olar təzə tikili yoxdur. 
 
Kəndin ən yüksək yerində Cümə məscidi yerləşir. Daha bir qədim abidə - eramızdan əvvəl Vll əsrə aid “Bürc piri” adlanan ibadətgahdır. Bundan başqa qayalıqda, içərisində bulaq çağlayan bir mağara var. Mağaradakı bulaqdan saxsı boru vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su çəkilib. Xınalığın ətrafındakı sərt qayalıqlarda qədim qəbiristanlığın qalıqları var. Bu qəbiristanlıqdakı 5 pilləli daş qəbirlər onun tarixinin çox qədimlərə gedib çıxdığını təsdiqləyir. 
 
Əvvəllər kəndə gedən yolun bərbad olması səbəbindən Xınalığa getmək çox çətin idi. İndi bu problem aradan qaldırılıb və Qubadan Xınalığa asfalt yol çəkilib. Bu yolun çəkilməsi əhalinin rahatlığını təmin etməklə, bölgəyə turist axınını da gücləndirib. 
 
Kəndə gələrkən gecələmək istəsəniz xəbəriniz olsun ki, Xınalıqda mehmanxana yoxdur. Onu da bilin ki, kənd camaatı sizi istədiyiniz qədər qonaq saxlaya bilər. 
 
Son illər turistlərin kəndə marağı həddən artıq çoxalıb. Xüsusilə Xınalıq əhalisinin özünəməxsus yaşam tərzi diqqəti cəlb edir. Onlar əhalinin məişəti ilə yaxından tanış olur, folkloru və etnoqrafik xüsusiyyətləri ilə maraqlanırlar.
 
Yerli əhali qədim adət - ənənələrinə hörmətlə yanaşaraq, onu bu günədək qoruyub. Burada toylar və digər mərasimlər yenə qədim vaxtlarda olduğu kimi keçirilir. Xınalıqda bəyin başına qırmızı şal atmaq, atla gəlin aparmaq və digər bu kimi özünəməxsus ənənələr indiyədək qalmaqdadır.
 
Yerli sənətkarlar toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, corablar toxuyurlar. Kənd əhalisinin digər bir məşğuliyyəti dərman bitkilərinin və otların yığılaraq qurudulmasıdır. Ondan həm təbabətdə, həm də mətbəxdə istifadə edilir.   
 
 
Xınalıq sakinlərinin yalnız bu kənddə istifadə edilən öz dilləri var. Bu dil elə kəndin adı ilə xınalıq dili adlanır. 
 
Bir sözlə, Xınalığa aparan yol sərt aşırımlardan keçsə də, görəcəyiniz xoş mənzərə, ucqar dağ kəndinin təkrarsız gözəlliyi sizdə yalnız xoş təəssüratlar yaradacaq.