Nağıllar, hekayələr

Lalə və Məryəm

Onlar iki bacı idilər. Birinin adı Məryəm, o birinin adı Lalə idi. Məryəm gecələr çox sakit yatır, gözəl, rəngli yuxular görürdü. Səhər olanda yatağından gümrah qalxırdı. Ona görə də axşama qədər işləri düz gətirirdi...

 

Lalə isə əksinə, gecələr çox pis, narahat yatırdı. Tez-tez diksinib yuxudan ayılır, çarpayıda oturub ağlayırdı. Səhər oyananda yatağından qalxmaq istəmir, özünü yaxşı hiss etmirdi. Ona görə də axşama qədər işləri düz gətirmirdi.

 

Məryəm bir dəfə bacısından soruşdu:

- Bacıcan, gecələr niyə ağlayırsan?..

- Pis yuxular görürəm..

 

Başladı yuxusunu danışmağa. Yuxuda Toplan, Məstan pişik, qonşunun dovşanları Laləni nəfəsi kəsilincə qovur, paltarından dartır, dişləmək, yemək istəyirdilər. Nə qədər çalışsa da, qaçıb canını qurtarmaq istəsə də,bacarmır, tez-tez yıxılır, əl-qolunu, dizini yaralayırdı...

 

Məryəm bacısını dinləyib dedi:

- Bacıcan, mən bilirəm, sən niyə pis yuxular görürsən.

- Niyə görürəm? Axı bu lənətə gəlmiş it-pişik gecələr məndən niyə əl çəkmir, yatmağa qoymur?..

Məryəm dedi:

- Ona görə ki gündüzlər Toplanı ağacla vurur, Məstan pişiyi incidir, quyruğunu dartır, qonşunun dovşanlarına daş atırsan...

Lalə ikiəlli üzünü tutub ağladı:

- Yaxşı eləyirəm. Hamısını yenə döyəcəyəm!..

 

Bacıların söhbətinə qulaq asan anası Məryəmin sözünü təsdiqlədi:

- Məryəm düz deyir, qızım. Görürsən, Məryəm heyvanları incitmir, onlarla mehriban dolanır. Ona görə də gecələr dinc yatır, yaxşı yuxular görür...

- Onlar məni sevmir axı... - deyə Lalə göz yaşlarını sildi.

Anası dedi:

- Günah özündədir, qızım. Heyvanlar onlara qayğı göstərənləri sevir...

 

Lalə həmin gündən bir daha Toplanı incitmədi, Məstanın quyruğunu dartmadı. Əksinə, Məstanı ləyəndə sabunlayıb çimizdirdi. Tüklərini daradı. Qonşunun dovşanını görəndə daş atmadı, kökə qonaq etdi. Toyuq-cücəyə dən səpdi, su verdi.

 

Heyvanlar, quşlar Lalənin dəyişdiyini görüb tez bir zamanda onunla dostlaşdılar...

 

İndi Lalə də bacısı Məryəm kimi gecələr rahat yatır, yaxşı yuxular görürdü. Səhərlər də yuxudan gümrah oyanırdı. Ona görə də bütün günü işləri düz gətirirdi.