Şeirlər

Zəlimxan Yaqub. Bu torpaq üçün yaşa!

Azərbaycan övladı! Sənindir bu məmləkət,
Dayağıdır həqiqət, bayrağıdır məhəbbət.
Yurd sevgisi ocaqdır, qalma bu oda həsrət,
Ömrün boyu alovlan, bu ocaq üçün yaşa!
 
 
Yurdun hər qarışında şəhidlərin qanı var,
Qəhrəmanlıq qeyrəti, şəhidlik nişanı var.
Hər dövrün, hər zamanın bir cür imtahanı var,
Tarixə imtahan ver, bu sınaq üçün yaşa!
 
 
Bağrına bas bu torpağı isti bir qucaq kimi,
Dəniz kimi dalğalan, çağla gur bulaq kimi.
Bakı nefti Xəzərdə alışsın çıraq kimi,
Dünyanı nurlandıran çilçıraq üçün yaşa!
 
 
Dosta məhəbbətdə də, düşmənə nifrətdə də,
Vətənlə görüşdə də, Vətənə həsrətdə də,
Qarabağ savaşına qalxan cəsarətdə də
Son damla qanınadək bu torpaq üçün yaşa!
 
 
Azadlıq səhərini həsrət ilə anmısan,
İstiqlal vuruşunda ocaq olub yanmısan,
Üçrəngli bayrağını qanınla qazanmısan.
Yaşa, ey Vətən oğlu, bu torpaq üçün yaşa!
Bu millət üçün yaşa, bu torpaq üçün yaşa!