Xəbərlər

“Sabahın alimləri” VIII respublika müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” VIII respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.


Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə 2019-cu il fevralın 12-dən 14-dək keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər bu il dekabrın 1-dək sabahinalimleri.edu.az internet səhifəsində online qeydiyyatdan keçməli və apardıqları tədqiqatları başa çatdırmalıdırlar.


Müsabiqənin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.


Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.