Xəbərlər

Respublika rəsm müsabiqəsi: Milli dəyərlərimiz-ornamentlər

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Milli dəyərlərimiz - ornamentlər” onlayn respublika rəsm müsabiqəsi keçirilir.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gəncləri milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, adət-ənənələrimizin qorunub saxlanılmasına marağı artırmaq, yeni istedadları üzə çıxarmaq və uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.

 

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-10, 11-15, 16-20) üzrə 2 mərhələdə keçirilir.

 

I mərhələ aprelin 25-dək davam edəcək. Bu mərhələdə rəsm işləri [email protected] elektron ünvanına və ya +99455-539-55-22 əlaqə nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərilməlidir.

 

II mərhələdə - aprelin 26-dan 30-dək qaliblər müəyyən ediləcək.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

 

- müsabiqəyə Azərbaycan xalqına məxsus milli ornamentləri, naxışları özündə əks etdirən rəsmlər təqdim olunmalıdır;

 

- hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir;

 

- rəsm işinin ölçüsünə məhdudiyyət qoyulmur;

 

-rəsmlərin işlənmə texnikası sərbəstdir;

 

- seçim zamanı iştirakçının yaşı nəzərə alınmaqla düzgün kompozisiya və ideya əsas götürülür;

 

- Müsabiqəyə təqdim olunan rəsmin aşağı sağ küncündə iştirakçının adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisənin, şəhərin (rayonun) adı göstərilməlidir.

 

Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaq.