Nağıllar, hekayələr

Morli Kallagen “İşgüzar təklif”

Həmin yay on iki yaşlı Lük əmisi Henrigilə yaşamağa gəlmişdi. Əmisinin evi çay kənarındakı balaca bir ağac emalı zavodunun yanında yerləşirdi. Atasının son sözü Lükün yadından çıxmırdı: “Çalış ki, hər şey də əmindən ibrət alasan”. Buna görə də oğlan diqqətlə əmisinə göz qoyurdu.

 

 
Ağac emalı zavodunda müdir işləyən Henri əmi hündürboylu, möhkəm bədənli bir adam idi. Lükün əmisi haqqında öyrəndiyi ilk şey bu oldu ki, hamı ona hörmət edir. Əmisinin arvadı Helen dolubədənli, xoşsifət bir qadın idi. O, hərdən balaca qohumuna deyirdi: “İstərdim ki, sən də Henri əmin kimi olasan. O heç vaxt xeyrini əldən verməz, hər işində tədbirlidir”.
 
Lük həmişə əmisinin yanında gəzər, onun hər hərəkətini təkrarlamağa çalışardı. Əmisi Lükə deyərdi: “Həmişə çalış, işin məğzini başa düşə biləsən. Elə ki bunu başa düşdün, deməli, onda nədən xeyir gəldiyini biləcəksən. Daha heç kim sənə kələk gələ bilməz”.

 

 
Çox vaxt Henri əmisinə baxanda atasını yadına salır, onun üçün qəribsəyirdi. Buna görə o özünə gizli bir həyat qurmağa çalışırdı. Bu məsələdə onun dostu on bir yaşlı, bir gözü kor, bir ayağı yüngülcə axsayan Den adlı şotland iti idi. Den onun yanında olanda Lük özünü heç vaxt tənha hiss etmirdi. Lük itə elə şeylər danışırdı ki, onu heç vaxt nə əmisinə, nə də Helen bibiyə deyə bilməzdi.

 

 
Bir gün Henri əmi diqqətlə itə baxıb dedi:
– İt tamam kor olub.
– Yox, kor olmayıb, – Lük cavab verdi.
– Heç ağzında dişi də qalmayıb. Axır vaxtlar qarınqululuq edir, hürmür.
Bu iti saxlamaq daha sərf eləmir.
– Ancaq itdən yaxa qurtarmaq həmişə çətin olur, – deyə Helen dilləndi.
– Məncə, bunun ən sadə yolu onu suda batırmaqdır.
 

 

Lük Deni qucaqlayaraq qışqırırdı:
 
– Henri əmi, Den yaxşı itdir! Siz heç bilmirsiniz, o necə yaxşı itdir!
 
– Mən sənə yaxşı bir küçük taparam, oğlum. Balaca, ağıllı bir it ki, ona çəkilən xərc havayı getməz.
 
– Mənə küçük lazım deyil, – deyə Lük etiraz etdi.

 

 
Amma Lük çox narahat idi. O bilirdi ki, əmisi sentimental adam deyil. İtdən bir fayda olmadığını qərara alıbsa, onu saxlamayacaq.
 

 

Ertəsi gün Lük evə gələndə Deni səslədi. Den cavab vermədi. Lük çaya tərəf döndü. Çayın ortasında köhnə qayıq yırğalanırdı, içində də əmisinin qoca işçisi Sem Karterlə Den oturmuşdu.
 

 

Lük iti çağırdı, Den suya atıldı, dalınca da Karterin iplə Denin boynuna bağladığı daş şappıltı ilə suya düşdü. Lük ağlayırdı. İti xilas etmək istəyirdi, amma Karterin getməsini gözləməli idi. Qoca bir qədər suyun üzərində yaranan dairələrə baxdı, sonra qayığı çevirib yavaş-yavaş oradan uzaqlaşdı. Lük bundan istifadə edib suya atıldı. Bir azdan o artıq Deni sudan çıxarmışdı. İtin böyürlərindən basmağa başladı. Bir-iki dəfə basandan sonra it tərpəndi.
 
– Əhsən, qoca. Hə, sən ölməməlisən, – deyə Lük sevincək qışqırdı.
 
İndi evə qayıtmaq olmazdı. Lük qonşuluqda yaşayan qoca Kempi xatırladı. Onun evinə gedib qocadan kömək istədi. Kemp bir qədər fikrə getdi və dedi:
 
– Lük, mən istəməzdim ki, sən əmini ürəksiz, qəddar hesab edəsən. O, pis adam deyil. Ola bilər ki, sərt və işgüzar adamdır. Gəlsənə ona bir işgüzar təklif edəsən?
 
– Nə? Siz nə demək istəyirsiniz?
 
– Bilirsən, düzü, axşamlar mənim inəklərimi haylayıb gətirməyin xoşuma gəlir. Sən onları gətirəndə mənim heç ehtiyac qalmır. Tutaq ki, bunun üçün mən sənə həftədə 75 sent versəm, sən bu işi daimi edərsənmi?
 
– Əlbəttə, mister Kemp.
 
Onda gedərsən evə. Əminə deyərsən ki, işgüzar təklifin var, itin yemi üçün həftədə 75 sent təklif edirsən. Özü də bunu əsl kişi kimi edərsən.
 
– Axı əmim 75 sentə möhtac deyil, o, varlıdır.
 

– Sən dediyimi elə. Nə cavab versə, mənə deyərsən.

Lük evə on addım qalmış dayandı, əmisinin evdən çıxmasını gözlədi. Deni görəndə əmisinin rəngi ağardı.

– Lük, axı onun boğazına ip bağlanmışdı?

– Mən onu sudan xilas etdim. Mənə qulaq asın, Henri əmi, – o, mümkün qədər sərt danışmağa çalışdı. – Mənim sizə bir işgüzar təklifim var.

– Nə təklifdir elə?! – Henri əmi əsəbi halda soruşdu.

– Bilirəm ki, Den məndən başqa heç kimi maraqlandırmır. Buna görə onun yeməyi üçün hər həftə 75 sent təklif edirəm.

– Lük, sən bu pulu haradan alacaqsan?

– Mən axşamlar Kempin inəklərini haylayıb gətirəcəyəm.

Əmi hirslə:

– Bu barədə söhbət belə ola bilməz, – dedi.

Amma hiss olunurdu ki, o özü də sarsılıb. Uşağa güzəştə getmək istəyir, amma ürəyiyumşaqlıq göstərməkdən utanır. Axır ki, gülümsündü:

– Ay kələkbaz, deyəsən, mən sənin təklifinlə razılaşacağam.

– Ah, nə yaxşı! Sağ ol, Henri əmi!

– Mən bu təklifi ona görə qəbul edirəm ki, bu əhvalat sənə bəzi şeylər öyrədəcək. Sən biləcəksən ki, bəzən adamlar öz mənəvi ehtiyaclarını ağır zəhmət bahasına qazandıqları pulla ödəməli olurlar.

 

Lük pilləkənin üstündə oturdu. Den də onun yanında şöngüdü. O, itin boynunu qucaqlayıb and içdi ki, ona həmişə qayğı göstərəcək. Gələcəkdə çalışacaq ki, pul qazanıb ona əziz olanların hamısını bu işgüzar adamlardan qoruya bilsin.