Nağıllar, hekayələr

Tərs padşahla üç bacının nağılı

Biri vardı, biri yoxdu, çox-çox qədim zamanlarda bir məmləkətin padşahı vardı. Əhli-məmləkət onun şahlığından çox razı idi. Amma saray əyanları onun tərsliyindən narazı idilər. Vəzir, vəkil bir gün şahdan xəlvət yığılıb məsləhətləşirlər ki, şahı evləndirsinlər, bəlkə tərsliyindən əl çəkə. Vəzir gəlir şahın hüzuruna, baş əyib deyir:


-Qibleyi-aləm sağ olsun, evlənmək, oğul-uşaq sahibi olmaq vədən yetişib. Kimi istəyirsənsə, evlən.


Şah vəzirin bu sözündən sonra xeyli fikirləşir. Sonra isə deyir:

-Mən bu haqda çox fikirləşmişəm, amma özümə layiq qız seçə bilməmişəm. Gərək bu işdə mənə kömək edəsiniz.


Vəzir onun sözü ilə razılaşır:


-Baş üstə hökmdarım, əmr et, nə lazımdırsa, dərhal edək.


Şah əmr edir:

Dərhal məmləkətdəki bütün dərvişləri, rəmmalları, falçıları mənim yanıma gətirin!


Vəzir çaşıb qalır:


-Ya hökmdar, sənə məmləkətin ən gözəl qızlarını gətirə bilərik, nəyinə lazımdır, falçı-filan?


Şah qəzəblənir:


-Vəzir, uzun danışma, yoxsa boynun vurular. Nə deyirəmsə, onu da elə!


Vəzir, vəkil, bütün saray əyanları soraqlayıb məmləkətdəki bütün dərvişləri, rəmmalları, fal açanları yığırlar şahın hüzuruna. Şah onlara deyir:


-Eşidin və bilin! Mən evlənməliyəm. Amma elə qız almalıyam ki, dünyada ən gözəl qız olsun. Rəml atın, fala baxın, görün dünyada ən gözəl qız kimdirsə, mənə deyin. Falda ən gözəl qız kim çıxsa, dünyanın harasında olur, olsun, tapıb onunla evlənəcəyəm.

Saray əyanları, vəzir, vəkil və gələnlər şahın sözlərinə məətəl qaldılar. Amma qorxudan səslərini çıxarmadılar. Dərvişlər rəml atdılar, falçılar fal açdılar. Hər biri öz falında çıxan qız haqda şaha danışdı, falda görünən qızı şaha təsvir elədi. Şah dərviş Musanın dediyi qızdan başqa kimsəni bəyənmədi. Dərviş Musa şaha təzim edib dedi:


-Qibleyi aləm sağ olsun, atdığım rəml burdan çox-çox uzaqlarda yerləşən bir ölkəyə gedib çıxıb. Hər tərəf meşəlik görünür. Bir koma var. Komanın həyətində bir qız oturub. Qızın gözəlliyi hər tərəfə işıq saçır. Saçları Günəşin
saçaqları rəngində, qaşları kamana, kiprikləri oxa bənzər, gül çöhrəli, bal dodaqlı bir qızdır. Başını aşağı salıb əlində nə isə tikir. Padşah Dərviş Musanın sözlərini eşitcək ayağa qalxdı və dedi:


-Bax elə həmin həmin gözəl də mənim arvadım olacaq. Haradan olur-olsun gedib həmin gözəli sarayıma gətirməlisiniz. Vəzir, mənim gələcək ömür  yoldaşıma bahalı bəxşişlər hazırla. Elçilərlə birlikdə özün də səfərə çıx. O qızı tapıb mənim yanıma gətirməmiş gözümə görünməyin.

Vəzir ağsaqqal adamdı. Özü də dünya görmüşdü. Dedi:

-Şah sağ olsun, birincisi biz öyrənməliyik ki, falda görünən qızın əsli-nəcabəti varmı, onun böyükləri kimdir? Nə səbəbdən bu gözəllikdə qız doğmalarını, elini-obasını atıb meşədə tək-tənha qalır? Yaxud kim onu yalqız meşəyə atıb? Şahım, tanımadığın qızla evlənsən, bundan məmələkətimizə xəta-bəla gələr, rəiyyətinə ziyan toxunar. Əvvəlcə yaxşı-yaxşı götür-qoy elə, sonra evlən!


-Vəzir, deyəsən atam şah olanda səni pis öyrədib. Şahın bir sözün iki eləyən olmamalıdır. Mən dedimsə, həmin qızı tapmaq lazımdır, kimsə məni sözümün qarşısında başqa söz deməyə cürət etməməlidir. Sənin yersiz
məsləhətlərin şah taxtı-tacını hörmətdən salır. Lazımsız məsləhətlərin məni yorub. Fərraşlar, atın vəziri zindana. Qoy zindanda ağlı başına gəlsin.


Şahın tərsliyi vəziri bezdirmişdi. Amma qorxudan daha bir söz demədi. Bir kəlmə də desəydi, tərs padşah onu edam elətdirərdi. Vəzir neçə şaha qulluq eləmişdi, belə tərsini görməmişdi. Vəziri zindana saldılar. Vəkil başda olmaqla, dərviş Musa və bir dəvə karvanı şah adamı bəxşişlərlə, xonçalarla getdilər şaha dünyanın ən gözəl qızını gətirməyə. Az getdilər, çox getdilər, dağlar aşdılar, çaylar keçdilər, səhralarda susuz qaldılar, yolda vəhşi heyvanlara rast oldular, axır ki, birtəhər sağ-salamat gəlib dərviş Musanın dediyi dərin meşəyə çatdılar. Meşəyə təzəcə girmişdilər ki, gördülər bir keçəl qız oturub bulaq başında, baxır suya düşən əksinə, zülümzülüm ağlayır. Qız yolçuları görcək tez yanındakı çələngi götürüb başına qoydu, gözlərinin yaşını sildi. Piyaləni su ilə doldurub onlara uzatdı:


-Ey yolçular, meşəyə ova çıxana bənzəmirsiz. Dəvə karvanındın bəlli olur ki, uzaq səfərə çıxana oxşayırsız. Su için, susuzluğunuz keçsin. Səfəriniz xeyirli olsun. Yolunuz açıq. Pisə rast olmayasınız.


Dərviş Musa dedi:


-Qız, neçə gündür bir qurtum suya həsrət qalmışıq. Ciyərimiz od tutub yanır. Amma ağlamağının səbəbini deməsən, əlindən su alıb içməyəcəyik.


Qız fikirləşdi ki, əgər yolçular su içməsələr, o günaha batacaq. Ona görə naəlac qalıb sirrini açdı:


-Siz ki, mənim sirrimi bilmək istəyirsiniz, onda qulaq asın. Mən o gördüyünüz dağın dalındakı kənddə yaşayırdım. Biz üç bacı idik. Atamız ağır mollaydı. Ona mollalıq irsən dədə-babasından keçmişdi. Hər şey bilirdi, yaxşılıq da, yamanlıq da. Amma heç vaxt yamanlıq eləmirdi. Hələ biz balaca olanda anamız ölmüşdü. Atam bizə yaxşı baxırdı, özümüzə də hər iş-güc öyrədirdi. Boya-başa çatan gündən gözəlliyimizin və yaxşı iş-güc bilməyimizin sorağı aləmə yayıldı. Hər yandan bizə elçi gəlməyə başladı. Qonşuluğumuza başqa diyardan çirkin bir qız köçüb gəlmişdi. Adı Bəyimnisə idi. Anam öləndən sonra atam istədi həmin qızla kəbin kəsdirsin, onu evimizə
gətirsin, biz razı olmadıq. Çünki çox ifritə qıza oxşayırdı. İşi-gücü paxıllığımızı çəkmək, bir də bütün günü həyətimizə baxmaqdı. Bu qız elə ki, elçiləri biri-birinin dalınca qapımıza gələn gördü, paxıllıqdan azarlayıb yorğan-döşəyə düşdü. Atam Bəyimnisəyə baş çəkməyə getdi. Gözlədik, gözlədik, gecə düşdü, amma o geri qayıtmadı. Mən bacıların ən böyüyü idim. Getdim atamın dalınca ki, görüm nə olub ki, atam geri qayıtmır? İçəri girən kimi gördüm atam daşa dönüb. Bəyimnisə də əllərini belinə qoyub, dayanıb onun başının üstündə. Məni görən kimi gəlib tutdu saçlarımdan dedi:


-İpək saçlar, gəlin mənim başıma, gəlməsəz, sahibinizi daşa döndərərəm! Daşa döndərərəm! Daşa döndərərəm!


O, bu sözləri deyən kimi mən gördüm ki, onun yoluq saçları mənim başıma bitdi, mənim ipək kimi sarı saçlarım isə onun başına. İstədim qışqıram, boğazımdan yapışıb dedi:
-Mən fala baxan kimi görmüşəm ki, sən - evin böyük qızı qoymamısan atan məni alsın. İndi öz dilinin cəzasını çəkərsən. Səsini çıxarsan, bacılarını daşa döndərərəm! Heç yana baxmadan düz gedərsən, dağın dalındakı meşəyə!


Mən bacılarımı çox istəyirdim. Onları daşa dönmüş görməyim deyə, düz qaçıb gəldim bura.


-Dərviş Musa dedi:


Bəs bacıların sonra səni axtarmadılar?


-İçin sudan, sonra bu cığırla düz gedin. Bir bulağa rast gələcəksiz. Bulaq başında bir qız var. Ona deyərsiz ki, keçəl qızın sirrini bilirsiz, indi də onun bacısının sirrini öyrənmək istəyirsiz. Sonrasını məndən yaxşı o bilir, sizə
danışar.


Vəkilin qıza yazığı gəldi. Ona bir az qızıl verdi. Nə qədər elədisə də, qız heç nə götürmədi. Şahın adamları gəlib keçəl qız dediyi bulağın başına çatdılar. Bu bulağın başında çaş, özü də bərələ gözlü eybəcər bir qız var idi. Qız bulağın suyunda öz əksinə baxıb, zülüm-zülüm ağlayırdı. Dərviş Musa keçəl qızın dediklərini qıza dedi. Qız o saat ağlamağını kəsib danışmağa başladı:

Mənim bədbəxt, böyük bacım başımıza gələnlərin əvvəlini sizə danışdı. Qoy ondan sonrakı müsibətimizi mən sizə danışım. Elə ki, gördüm atamla böyük bacım Bəyimnisəgildən qayıtmadılar, kiçik bacıma dedim. Mən də qayıtmasam, məbada gələsən ora. Gedərsən  meydana, olanları kənd camaatına nağıl edərsən. Onlar dərdimizə bir çarə edərlər. Bunu kiçik bacıma tapşırandan sonra qorxa-qorxa getdim Bəyimnisəgilə. Qapıdan içəri girəndə gördüm atam daşa dönüb. Qız da əlləri belində dayanıb onun başı üstündə. Məni görən kimi gəldi üstümə, tutdu boynumdan dedi:


-Gözəl gözlər, gəlin mənim gözüm olun, gəlməsəz, sahibinizi daşa döndərərəm! Daşa döndərərəm! Daşa döndərərəm!


O, bu sözləri deyən kimi mən gördüm ki, onun çəp gözləri mənim gözlərimin yerinə gəldi, mənim gözlərim isə onun yerinə getdi. İstədim qışqıram, boğazımdan yapışıb dedi:


-Səsini çıxarsan, bacılarını daşa döndərərəm! Heç yana baxmadan düz gedərsən, dağın dalındakı meşəyə!


Mən bacılarımı çox istəyirdim. Onları daşa dönmüş görməyim deyə, qaçıb gəldim meşəyə. Təzəcə meşəyə çatmışdım ki, gördüm böyük bacım da burdadır. O, məni görən kimi pırtlaşıq saçlarını yolmağa başladı. Oturub iki
bacı ağlaşırdıq ki, gördük Bəyimnisə gəlir yanında da üzü çopur-çopur, eybəcər halda olan kiçik bacımız. Bizdən sonra sonbeşiyimizin başına nələr gəlib, gedin onun özündən eşidin. Onun yanına çatan kimi deyin, bizi sənin yanına çəp gözlü bədbəxt bacın göndərib ki, başına gələnləri bizə danışasan. Sonra çəp gözlü ortancıl bacı şahın adamlarına üçüncü bulağa və kiçik bacıya çatmaq üçün cığırı göstərdi. Şah adamları bir xeyli dar cığırla yol getdilər. Gəlib balaca bacının yanına çatdılar. Balaca bacının üzü doğrudan da çox eybəcər idi. Qız o biri bacıları kimi bulağın suyunda öz əksinə baxır, dayanmadan ağlayırdı. Gələnləri görən kimi ağlamağını dayandırdı. Üzünün eybəcərliyini görməsinlər deyən, əlləri ilə üzünü örtüb soruşdu:

-Kimsiniz yolçular, hardan gəlib, hara gedirsiniz? Bu meşə tilsimlənib. Burda siz xeyir tapa bilməzsiz. Bir qurtum bulaq suyundan için, sonra qayıdın yolunuzdan.


Dərviş Musa dilləndi:


-Bizi sənin yanına keçəl qızla, çəpgöz qız göndərib ki, sən də öz başına gələnləri bizə danışasan.


Bunu eşidəndə qız əllərini üzündən götürdü və dedi:


-Ey qərib diyardan gəlmiş yolçular! Dediyiniz qızlar mənim bacılarımdır. Sizə də qurban olum, onların gələn sədalarına da. Bacılarımın sözündən çıxa bilmərəm. Qulaq asın başıma gələnləri sizə nağıl edim. Onların başına
gələnlərdən yəqin xəbərdarsız, indi qulaq asın gerisinə. Mən gözlədim, gördüm nə bacılarımdan, nə də atamdan səs çıxmadı. Ortancıl bacımın dediklərinə qulaq asmayıb üz tutdum Bəyimnisənin evinə. Çatan kimi gördüm
atam daşa dönüb, onun başı üstündə də Bəyimnisə əlləri belində dayanıb. Amma bacılarım orada yox idilər. Yaman qorxdum. Qayıdıb qaçmaq istədim. Elə bu vaxt Bəyimnisə gəlib mənim boğazımdan yapışdı və dedi:


-Gözəl çöhrə gəl mənim üzümə, gəlməsən, sahibini daşa döndərəcəyəm, daşa döndərəcəyəm!

Bir də gördüm ki, Bəyimnisənin üzü ay parçası kimi gözəlləşdi. Mənə baxıb qəhqəhə çəkib güldü. Əlimi üzümə sürtəndə üzümün çopur-çopur olmağını hiss elədim. Onun saçlarını, gözəl gözlərini görəndə başa düşdüm ki, o mənim böyük bacımın ipək kimi saçlarına, ortancıl bacımın gözəl gözlərinə sahib olub. Qapını açdım ki, həyətə qaçıb qonşuları köməyə çağırım. İfritə qız dedi:


-Burdan birbaşa meşəyə getməsən, səni də atan kimi daşa döndərəcəyəm.


Mən qorxudan qaçdım meşəyə. O vaxtdan biz üç bacılar meşədə yaşayırıq. Kənd camaatı Bəyimnisənin tilsimkarlığını biləndən sonra onu daşa basıb kənddən çıxardıblar. O da indi meşədə qalır. Bizim hər birimizi bir bulağın
yanında gözətçi qoyub ki, düşməni qara ilan onun içdiyi suyu zəhərləməsin. Bəyimnisəni ancaq həmin qara ilanın zəhəri öldürə bilər.


Dərviş Musa soruşdu:


-Bəs sən bütün bunları hardan bilirsən?


Qız ağlaya-ağlaya cavab verdi:


-Cadugər qız hər gün üç bulağın birindən su içir. Hər gələndə də gözəlliyi ilə bizə acıq verir. Hikkəsindən bütün içindəki qara fikirlərini bizə danışır. Deyir ki, dünyanın ən varlı padşahı mənə elçi düşəcək, gəcavədə gəlin aparıb toy edəcək. Elə ki, padşah məni özünə arvad elədi, onu öldürüb bütün şahlığı əlimə keçirəcəyəm. Siz isə mənim qaravaşlarım olacaqsız. Biz bacılar ondan, onun tilsimlərindən çox qorxuruq.


Kiçik bacı bunları danışanda dərviş vəkilə baxdı. Onlar başa düşdülər ki, aparmağa gəldikləri qız həmin ifritə qızdır. Gəldiklərinə peşman oldular. Vəkil dedi:


-Biz qızsız qayıtsaq, tərs şahımız bizi mütləq edam edəcək. Dərviş, bir yol göstər, həm məmləkətimiz ifritə qızın əlinə keçməsin, həm də başımız salamat qalsın.


Dərviş Musa qəm dəryasına qərq oldu. Bir xeyli fikirləşəndən sonra dedi:


-Biz bu binəva qızları da cadugərin əlindən qurtarmalıyıq. Bününçün rəml atmalıyam, görüm onun tilsimlərini nə cür sındırmaq olar?


Dərviş bulaqdan bir piyalə su götürdü. Başına qara bir dəsmal saldı. Bir müddətdən sonra qan-tər içərisində ayağa qalxdı. Başındakı dəsmalı bir tərəfə tullayıb dedi:


-Yalnız qara ilanın zəhəri cadugər qızı məhv eləyə bilər. Ondan sonra isə bütün tilsimlər sınacaq.


Vəkil yazıq-yazıq dilləndi:


-Bəs biz indi qara ilanı necə tapa bilərik ki? Meşə doludur qara ilanla.


Kiçik bacı dedi:


-Bəyimnisənin düşməni qara ilan bilir ki, ifritə hər gün səhər bir bulaqdan su içir. Ona görə o bulaqları güdür ki, yanında adam olmayanda zəhərini suya töksün, düşmənini öldürsün. İki gündür ifritə bu bulaqdan su içmir, səhər
tezdən mütləq bura su içəməyə gələcək. Bəlkə də gecəni bulaqdan aralıda dayansam, ilan gəlib zəhərini suya tökər.


Vəkil və dərviş Musa qızın yanında qaldılar. Karvanı və onlarla gələnləri isə meşənin qırağına göndərdilər. Özləri isə kiçik bacı ilə birgə bulaqdan aralı bir yerdə gizləndilər. Üçünü də necə yuxu tutdusa bir də ilan fısıltısına oyandılar. Ayılıb gördülər ki, bir böyük qara ilan fısıldaya-fısıldaya sürünür bulağa sarı. Səslərini çıxarmadılar. Uzaqdan ilanı güddülər. Qara ilan yaxınlaşdı bulağa. Qara nazik boynunu uzadıb yan-yörəsinə baxdı. Sonra isə ağzını bulağa uzatdı. Sonra isə başını qaldırıb sürünə-sürünə getdi. Dərviş, vəkil və kiçik bacı bulağa yaxınlaşanda gördülər ki, suyun içərisində, ilan ağzını bulağa soxduğu yerdə neçə damcı yamyaşıl zəhər var.

Kiçik qızın qorxudan rəngi ağappaq olmuşdu. O, qorxa-qorxa dedi:


-Gün çıxıb, indi Bəyimnisə harda olsa gələcək bulaq başına. Tez bir yerdə gizlənin ki, sizi görməsin.


Dərviş Musa da, vəkil də sıx kolun dalında gizləndilər. Bir azdan Bəyimnisə gəldi. Dərviş baxıb gördü ki, bu elə şahın hüzurunda rəml atanda falda görünən qızın özüdür. Amma onda baxışlarını aşağı işə dikmişdi deyən,
gözlərindəki cin-şeytan görünməmişdi. İndi isə onun gözləri nə qədər gözəl də olsa, içərisində cin-şeytan görünürdü. Bulaq başına çatan kimi ifritə kiçik bacının üstünə qışqırdı:


-De görüm buralara gələn olmayıb ki?


Kiçik bacı qorxa-qorxa dilləndi:


-Yox!


- Bəs onda cavab ver görüm, otlar niyə tapdanıb? Mənə yalan deyirsən? İstəyirsən səni də, bacılarını da daşa döndərim?


-Heç kəs bulaqdan su içməyib. Bəs mən nəyə görə burda bulağı qoruyuram.


İki nəfər göbələk yığmağa gəlmişdi, istədilər su içsinlər, qoymadım, - deyə kiçik bacı qorxusundan yalan danışdı.

Bəyimnisə hirslə əyilib piyaləsini bulaqdan doldurdu. Suyu birnəfəsə başına çəkdi. İçən kimi də rəngi qapqara oldu. Yerindəcə qıvrıla-qıvrıla qaldı. O qədər qıvrıldı ki, döndü oldu ağ ilan. Elə bil qara ilan da bunu gözləyirmiş.
Haradansa peyda oldu, ağ ilanın boğazından tutub boğub öldürdü. Sonra isə ağzını tutdu bulağın suyuna nə ki, bulağa zəhər tökmüşdü, təzədən sümürdü yığdı ağzına. Dərviş Musa, vəkil və kiçik bacı qorxularından quruyub qalmışdılar. Hannan-gecdən özlərinə gələn kişilər gördülər ki, kiçik bacının üzündə çopurluqdan əsər-əlamət qalmayıb. Qız dönüb olub gözəllər-gözəli. Qız da gördü ki, yanındakılar ona qəribə-qəribə baxırlar, əyilib bulaqda özünə baxdı. Gördü yenə də əvvəlki kimi gözəl çöhrəsi yerinə gəlib. Sevincdən qışqırıb götürüldü ortancıl bacısının yanına. Böyük bacı o tərəfdən saçlarının qayıtmağını görən kimi o da qaçdı ortancıl bacının yanına. Hər üç bacı yenə də əvvəlki görkəmlərinə qayıtdıqlarına sevindilər. Bir də gördülər dərvişlə vəkil gəlir. Dərviş bu ölkəyə gəlmələrinin səbəbini qızlara danışdı. Vəkil isə dedi:


-Qızlar, biz şahımıza qız tapmaqdan ötrü diyarbadiyar gəzmişik. Sizdən ağıllı, sizdən gözəl qızlara rast gəlməmişik. Gəlin gedək bizim məmləkətə. Böyük bacını şah seçər, ortancılı vəzirin oğluna verərik, kiçik qızı isə mən oğluma alaram.


Böyük bacı dedi:


-Ey qəriblər, siz bizi tilsimkarın əlindən qurtarmısınız. Tilsimi sındırıb bizi yenə də əvvəlki görkəmimizə qaytarmısınız. Biz sizə minnətdarıq. Amma bizim bədbəxt atamız ifritənin evində daşa dönmüş halda qala-qala bizim necə
ürəyimiz açılar ki, ərə gedək. Nə qədər ki, atamız daşa dönüb, bizim də ürəyimiz daş olacaq, biz kimsəni sevə bilməyəcəyik.

O biri bacılar da böyük bacılarının dediklərini təsdiq elədilər. Bacılar şahın adamlarını da götürüb kəndə - evlərinə tərəf getməyə başladılar. Bir də gördülər ki, uzaqdan ataları da onlara tərəf gəlir. Bacılar qaçıb atalarını
qucaqladılar. Başlarına gələnləri bir-birlərinə danışdılar. Sonra isə şahın adamlarını evlərinə qonaq apardılar. Ataları biləndə ki, qərib ellilərdi onların qızlarını tilsimkarın əlindən qurtaran, onların istəyini yerinə yetirdi. Qızlarına
xeyir-dua verib onlarla birgə yola saldı.

Şah uzaqdan gələnləri gördü. Səbri çatmadı gəldi qızı görməyə. Gördü gəcavədə üç qız oturub, üçü də biri-birindən gözəl. Çaşıb qaldı. Dərviş Musanı köməyə çağırdı:


-Ay dərviş, gəl gör rəml atanda çıxan qız bunların hansıydı?


Dərviş Musa dedi:


-Qibleyi-aləm sağ olsun! Falda görünən qız bunların heç biri deyil!


Şah qəzəbləndi:


-Necə yəni? Siz mən deyən qızı nə səbəbdən gətirməmisiniz? Vəkil, bu nə məsələdir?


Vəkil qorxa-qorxa da olsa başlarına gələnləri olduğu kimi nağıl elədi. Şah vəziri nahaq zindana saldığını indi başa düşdü. Onu tez azad etməyi əmr etdi. Özü isə həmişəlik tərsliyindən əl çəkdi. Sonra padşah qırx gün, qırx gecə toy eləyib böyük qızla evləndi. Ortancıl bacını vəzirin oğluna, kiçik bacını isə vəkilin oğluna aldılar. Şah Dərviş Musanı sarayda- yanında saxladı. Elə demək istəyirlim ki, nağılımız da buradacana qurtardı, göydən leysan yağış başladı. Üç bacının üçü də qaça-qaça üstümə gəldilər və bir səslə dedilər:


-Nağılçı, ay nağılçı, nə olar, hələ nağılı qurtarma. Göydən yağan atamızın göz yaşlarıdı. O, bizdən ayrı qala bilmir, göz yaşı tökür. Bir çarə et! Qızlara yazığım gəldi. Onları eşidib nağılımı qurtarmadım. O vaxta qədər səbr
elədim ki, şah adam göndərdi, qızların atasını gətirtdi məmləkətinə. Böyük qız atası gələnə qədər mənə isti bir cırıqqa toxumuşdu. Mən o cırıqqanı yüz ildir ki, geyinirəm, elə bil indi toxunub. Ortancıl qız mənə yundan bir şal
toxumuşdu. Şal elə gözəldi, elə gözəldi ki, min göz istəyir tamaşa eləsin. Neçə yol yüz qızıl veriblər, onu verməmişəm. Kiçik qız isə mənə elə gözəl qırçınlı tuman tikmişdi ki, onu yüz ildi toylara geyinirəm, hər geyinəndə də toydakılar deyir, tumanın mübarəkdi, ay nənə!