Odlar Yurdu

İrəvan xanlığı

İrəvan xanlığının əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
 
XIV əsrin sonunda – Teymurilər dövründə əsası qoyulan İrəvan XVI əsrdə Şah İsmayıl Xətainin dövründə (1501-1524) inkişaf edərək şəhərə çevrilib.
 
Şəhər inzibati cəhətdən 3 məhəlləyə bölünürdü. 1832-ci ildə burada 12 məscid qeydə alınmışdı.
 
Xanlığın mərkəzi iki hissədən: -Qala və Bayır şəhərdən ibarət idi. İkiqat hasarla əhatə olunmuş İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Müharibə vaxtı arx su ilə doldurulurdu.
 
Bayır şəhər qaladan şimalda salınmışdı. XIX əsrin əvvəllərində İrəvan qalasında top və barıt istehsal edən zavodlar vardı. 
 
İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olduğu haqda rus ordusunun qafqazdakı komandanı general Paskeviçin rəsmi məlumatlarında öz əksini tapmışdı. İrəvan qalasını çox çətinliklə ələ keçirən general Paskeviç xanlıqda əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını bildirirdi.
 
ABŞ-dan olan professor Castin Makkarti 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir.
 
XVIII əsrin 50-ci illərinin əvvəllərində İrəvan xanlığının vəziyyəti son dərəcə gərginləşir. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Digər tərəfdən isə xanlığın ərazisində məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi.
 
1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövlətində və Osmanlı imperiyasında yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür. 
 
İrəvan xanlığının ərazisi strateji əhəmiyyətə malik idi. Osmanlı imperiyasını, Gürcü knyazlıqlarını və İranı təziq altında saxlamaq üçün Lazarev, Paskeviç və başqa rus generalları erməniləri daha çox İrəvan xanlığının ərazisinə köçürtməyə çalışırlar.
 
Sonralar Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradılır və bu proseslər tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması ilə nəticələnir.