Odlar Yurdu

Füzuli rayonu

Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri də Füzuli rayonudur. Təəssüf ki, bu gün Füzulinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunub.
 
Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. Bakıdan 325 kilometr aralıda yerləşən rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə 105 min nəfərə yaxın idi.
 
Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Hazırda Azıx Mağarası da, Quruçay dərəsinin sol sahilində yerləşən Tağlar mağarası da Ermənistanın işğalı altındadır. Hər iki abidə  qədim dövrün mədəni abidələri kimi UNESCO-nun siyahısında yer alır.
 
Bundan başqa, Füzuli ərazisində tunc dövrünə aid Qaraköpəktəpə, Meynətəpə və digər tarixi abidələr də var. Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar, Babı və Mirəli türbələri, Karvansaray, Hacı Ələkbər məscidi, “Məşədi Həbib” hamamı və digər tarixi abidələr erməni vandalizminin qurbanı olub. Ermənistanın işğalı nəticəsində dağıdılan abidələrimizin siyahısı bununla bitmir. Horadiz kəndində XIX əsrə aid məscid binası, İmamzadə türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki tarixi körpülər, XII əsr qəbiristanlığı və digər maddi-mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılıb.   
 
Füzuli rayonu qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhur idi. İşıqlı, Böyük Bəhmənli və Seyidəhmədli kəndlərində yaşı 1400 ilə çatan şərq çinarları təbiət abidəsi kimi mühafizə edilirdi.
 
1993-cü il avqustun 23-ü Füzuli rayonu ermənilər tərəfindən işğal olundu. Hazırda 51 kənd və Füzuli şəhəri erməni tapdağı altındadır. Rayonun 55 min nəfərə yaxın sakini köçkün həyatı yaşayır.
 
1994-cü ildə Milli Ordumuzun əks-hücumu nəticəsində Horadiz qəsəbəsi və Füzulinin bir hissəsi işğaldan azad edilib. Dağılan evlər bərpa olunub, sakinlərin bir çoxu yenidən öz ata–baba yurdlarına qayıdıb.