Təbiət

Heyvanlarda tənəffüs

Heyvanlar da bitkilər kimi oksigenlə tənəffüs edir və tənəffüs üçün lazım olan oksigeni atmosfer havasından və ya sudan alırlar. Birhüceyrəli və bəzi çoxhüceyrəli heyvanlarda qaz mübadiləsi bütün bədən səthi ilə baş verir.

 

Yaşadığı mühitdən asılı olaraq heyvanlarda müxtəlif tipli tənəffüs orqanları formalaşmışdır.

 

Su mühitində tənəffüs. Heyvanların tənəffüs orqanları öz müxtəlifliyi ilə seçilir. Suda yaşayan heyvanların əksəriyyəti qəlsəmələrlə tənəffüs edir. Qəlsəmələr çoxlu miqdarda kiçik qan damarları ilə zəngindir. Sudan qana oksigen, əks istiqamətdə isə karbon qazı keçir. Qəlsəmələrə xərçənglərdə, bəzi molyusklarda, balıqlarda rast gəlinir.

 

Quru mühitində tənəffüs. Quruda yaşayan heyvanların tənəffüs orqanları traxeya və ağciyərlərdir. Həşəratlarda traxeyalar bütün bədən boyunca şaxələnir. Onların qarıncığının kənarlarında havanın daxil olmasını təmin edən xüsusi dəliklər olur. Qarıncıq əzələlərinin yığılıb-boşalması sayəsində hava bu dəliklərdən bədənə daxil olur.

 

Ağciyərlər də traxeyalar kimi atmosfer havası ilə tənəffüsü təmin edir. Bəzi heyvanlarda (quşlar və məməlilərdə) ağciyərlər, adətən, nazikdivarlı qovuqcuqlardan ibarətdir.

 

Qovuqcuqların divarları kiçik qan damarları ilə zəngindir. Burada qaz mübadiləsi daha intensiv gedir.

 

Suda-quruda yaşayanlar ağciyərlə yanaşı, dəri vasitəsilə də tənəffüs edirlər.