Şeirlər

Simax Şeyda. Apar məni

Çay süfrəsi arxasında

Atasına dedi Pərviz:

-Gül, çiçəkli Qarabağdan

Niyə uzaq düşmüşük biz?

 

 

Nadir əmim, Nabat xalam

Hey Xankəndi, Şuşa deyir.

Güllü nənəm yaş axıdır,

Hər gün qara paltar geyir.

 

 

Apar məni o yerlərə,

Qoy bağlardan, düzdən keçim.

Sərin-sərin bulaqların

Gözləridən mən də içim.

 

 

Əlvan-əlvan güllərindən

Dəstə tutum anam üçün.

Bağlarından meyvə dərim,

Nənəm üçün, babam üçün.

 

 

Sür maşını, sür ay ata,

Yola düşək elə indi

Topumu da qoy götürüm,

Bəlkə orda kara gəldi.

 

 

-Ah, ay bala, səni necə

Qarabağa aparım mən?

Neçə ildir o yerləri

Zəbt eləyib azğın düşmən.

 

 

Ata-baba torpağımız

İnildəyir yad ellərdə

Vardır evim, bağım, bağçam

Şuşa kimi bir şəhərdə.

 

 

İndi çıxmaq istəmirlər

Yurdumuzdan daha onlar.

Günü-günü qəlbimizi

Üzür kədər, qüssə, qübar.

 

 

Şəhid edib üç oğlunu,

Bu davada Güllü nənə

Ona görə qara paltar

Geyir hər gün o, əyninə.

 

Hey deyirlər bu gün, sabah

Qovacaqlar düşmənləri.

Qalmayıbdır səbir bizdə

İstəyirik dönək geri.

 

Zalımların əllərindən

Qurtaranda torpağımız

Ucalacaq Qarabağda

Azərbaycan bayrağımız.

 

Onda səni apararam

Birdəfəlik o yerlərə.

Üzümüzə gülər həyat,

Son qoyarıq qəm, kədərə.