Nağıllar, hekayələr

Süleyman Sani Axundov. Kiçik bir xatirə

Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr “cik-cik” edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: “Cırrıt!” edərək səs saldı. Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edərək soruşdum:

- Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər?

- Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir !

 

Doğrudan da, bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum:

- Ana, bu quş dilini sən hardan bilirsən? Mən də öyrənə bilərəmmi?

 

Anam gülərək dedi:

- Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.