Şeirlər

Qaysın Quliyev. Qurumuş çinarın nəğməsi

Qaysın Quliyev Kabarda-Balkar Respublikasının xalq şairidir.  Onun mənsub olduğu balkar türkləri doğma öz vətənlərindən didərgin salınıb, sürgün olduqları müddətdə onlara “xalq düşməni" damğa vurulub. Şairin şeirlərindəki sevgi və dostluq duyğularının içində gizli bir kədər hissi də var. Şair ömrünün son illərini doğma ata ocağında yaşayıb. 

 


Bu yaxınlarda Bakıda onun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir və şairin TÜRKSOY tərəfindən nəşr olunmuş əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabının təqdimatı keçirilib.

 

Qaysın Quliyevin şeirləri Azərbaycan dilinə də tərcümə edilib. Sizə təqdim etdiyimiz şeiri dilimizə mərhum şair Teymur Elçin çevirib.  

 

 

 

 

 

Qurumuş çinarın nəğməsi

 

Vaxt var idi başım üstdə
Quşlar süzərdi. 
Vaxt var idi dörd yanımda
Kölgə gəzərdi.

 

Küləklərə qoşulardım,
Nəğmələnərdim.
Qar-çovğunda körpə kimi 
Ağ bələnərdim.

 

Dost olmuşdum küləklərlə, 
Yağışlarla mən.
Oynayardım ay nurunda,
Gümüşlərlə mən.

 

Mən heç kəsdən var-yoxumu
Əsirgəməzdim.
Hansı quşa kölgə verib
Dincəl deməzdim?

 

Köklərim də, qollarım da
Tufana dözdü.
Kəsilmədim, çox da mişar
Gövdəmdə gəzdi.

 

Bu dünyadan gedəsiyəm
Ömrüm az qalıb.
Külək edə bilməyəni
Edər qocalıq.

 

Axsın çılpaq qollarımdan
Qoy gur yağışlar.
Uçsun yaşıl ağaclara
Nazəndə quşlar.

 

Gəlib mənə axır sözü
Balta deyəcək,
Mən ölsəm də olacağam
Sizlərə gərək.

 

Gur sobada oxuyanda
Öz nəğməmi mən.
Qoy desinlər unutmuşam
Dərdi, qəmi mən.

 

İgidlər tək ölürük biz,
Əsil ağaclar,
Ağaclar da, igidlər də
Alışıb yanar.

 

Tərcümə edəni: Teymur ELÇİN