Xəbərlər

Gənc azərbaycanlı videobloqer Qarabağ həqiqətlərini həmyaşıdları arasında yayır

İsveçrənin Cenevrə şəhərində yaşayan 13 yaşlı azərbaycanlı yeniyetmə İlkin Səfərli Ermənistan və Azərbaycan arasında baş verən son hadisələrlə bağlı ingilis dilində video hazırlayıb, ermənilərin xaricdə yaşayan azərbaycanlılara qarşı törətdikləri zorakılıq və vəhşilikləri əsaslandırılmış şəkildə ictimailəşdirib.

 

AZƏRTAC xəbər verir ki, o, öz videomaterialında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, erməni işğalının nəticələrindən və Xocalı soyqırımından danışaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu bildirib və dünya ictimaiyyətini Ermənistanın davam edən işğalını dayandırmağa səsləyib.

 

İlkinin hazırladığı 12 dəqiqəlik videomaterial hazırda Avropa və digər ölkələrdə yeniyetmələr arasında müxtəlif sosial media platformalarında sürətlə yayılmaqdadır.

 

Qeyd edilməlidir ki, İlkin İsveçrədə yaşamasına baxmayaraq, Vətəni Azərbaycanı çox sevir və hər zaman Azərbaycan həqiqətlərini yaymağa çalışır. O, həmçinin iki həftə əvvəl BMT-nin Cenevrədəki Ofisi qarşısında İsveçrədə yaşayan soydaşlarımızın keçirdiyi aksiyada çıxış edərək erməni işğalına etiraz edib. Aksiya zamanı o, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, münaqişədə Ermənistanın işğalçı tərəf olduğunu vurğulayıb və 30 ildən bəri işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edib.

 

İlkin hazırda Cenevrə beynəlxalq məktəbində 7-ci sinifdə təhsil alır və bir müddətdir ki, “YouTube”da açdığı kanalda yeniyetmələr üçün müxtəlif mövzularda ingilis və fransız dillərində maarifləndirici videolar hazırlayıb paylaşır. Onun kimi azərbaycanlı yeniyetmə və gənclərimizin istər doğma vətəndə, istərsə də xaricdə yaşamasından asılı olmayaraq, vətənpərvər ruhda böyüməsi çox sevindirici haldır.