Nağıllar, hekayələr

Reyhan Yusifqızı. "Hamıdan qəşəng"

Bir həyətdə Qaraxal adlı balaca bir küçük yaşayırdı. O, çox ürəyiaçıq, mehriban idi. Hamı ilə dostluq edirdi. Təkcə həyətin o başında yaşayan ağappaq göyçək pişiklə – Ağmurla yola getmirdi.

 

Bir gün həyətdə oynayan Qaraxal Ağmurla bərk toqquşdu.

– Bura bax, ayağının altını görmürsən? – Ağmur hirsləndi.

– Sən özün necə? Məgər məni görmürdün?

 

Pişik kinayə ilə bərkdən güldü:

– Mən səni görməyə bilərəm, çünki torpaqdan seçilmirsən, qapqarasan! Ancaq mən o saat görünürəm.

 

Qaraxal başını aşağı saldı, pərt halda gedib yuvasına girdi.

 

Həyətə ağ rəngli əhəng tozu tökülmüşdü. Qaraxal bu tozun içində oynadı və bütün bədəni bozumtul-ağ rəngdə oldu. İndi ağardığı üçün o özünü çox xoşbəxt hiss edirdi. Həyətin sakinləri təəccüblə ona baxırdılar. Hətta Ağmur da deməyə söz tapmayıb öz küncünə çəkildi.

Axşamtərəfi həyətdə çil toyuğun həyəcanlı qaqqıltısı eşidildi:


– Ay haray! Kömək edin! Cücəm hovuza düşüb!

 

Doğrudan da, dəcəl cücələrdən biri suda çırpınırdı. Az qalırdı boğulsun. Qaraxal cəld suya atıldı. Dişləri ilə ehmalca cücənin qanadından tutub quruya çıxardı. Özü də sudan çıxıb bir-iki dəfə silkələndi. Bu zaman Ağmurun kinayəli gülüşü eşidildi: “Nə oldu, bəs sən ağarmışdın?!”

 

Qaraxal suda əksinə baxdı. Doğrudan da, o, yenə qapqara idi. Başını aşağı salıb doluxsundu. Bayaq suya düşmüş cücə Qaraxala yaxınlaşıb onu sığalladı: “Sən qara olsan da, hamıdan, hamıdan qəşəngsən!”