Xəbərlər

Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Naxçıvanlı karateçilər “Batumi Open” beynəlxalq turnirində səkkiz medal qazanıblar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC –ın Naxçıvan bürosuna bildirilib ki, turnirdə 6 ölkədən 400 idmançı tatami üzərinə çıxıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılarımız kata və kumite yarışlarında müxtəlif əyarlı 8 medal qazanıblar.

 

Belə ki, 14-15 yaş qrupunda tatami üzərinə çıxan Vüsal Seyidov (57 kq) hər iki növdə qızıl medal qazanıb. 8-9 yaş qrupunda mübarizə aparan Rafiq Hüseynli isə iki çəki dərəcəsində (38 və +38 kq) bürünc medala sahib olub.

 

Turnirdə 18-34 yaş qrupunda naxçıvanlı idmançılar 3 bürünc medala layiq görülüblər. Belə ki, Sərcan Məmmədov (60 kq), Mirpaşa Kərimzadə (75 kq) və Aslan İsmayılov (84 kq) üçüncü yerlə kifayətləniblər.

 

Qızların yarışında 10-11 yaş qrupunda mübarizə aparan Nərgiz Həsənli (40 kq) də eyni uğuru təkrarlayıb və bürünc medal qazanıb.

 

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.