Odlar Yurdu

Şirvanşahlar saray kompleksi

Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah (hakimiyyət illəri 1417-1462) tərəfindən tikilib. İçəri şəhərdə yerləşən bu saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır.
 
Kompleksə daxil olan əsas bina - saray tikililər içərisində ən qədimidir. Tarixçilərin fikrincə onun tikintisi 10 ilə yaxın müddət ərzində başa gəlib. Kompleksə saraydan başqa Divanxana, Kеyqubаd məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Murad darvazası (Şərq portalı), Saray məsсidi, türbə, hamam və ovdan (su anbarı) daxildir.
 
Türbə, saray və məsсid eyni tikinti materialından tikilib və onların hörgü üslubu da eynidir. Saray binasının özündə heç bir yazılı qeyd olmadığından onun tikilmə tarixi kompleksə daxil olan digər abidələrin üzərindəki kitabələrə görə müəyyən edilir. Onlardan ikisi - şah məsçidinin minarəsindəki və türbədəki kitabələr müasir dövrümüzə qədər gəlib çatıb. Hər iki kitabədə bu binaların tikilməsini əmr edən Şirvanın şahı I Xəlilullahın adı keçir.
 
XV əsrdə Şirvanşahlar dövlətinin paytaxtı Ön Şərqin iri şəhərlərindən biri olan Şamaxı idi. Şirvanşahların sarayı da ilk olaraq burada yerləşirdi. Sonradan bəzi siyasi mülahizələrə görə şirvanşah I Xəlilullah dövlətin mərkəzini Bakı şəhərinə köçürür.
 
Saray və kompleksə daxil olan binaların  yerləşdiyi ərazi müxtəlif hündürlükdə yerləşən üç həyətə bölünür. Sarayın özü isə birinci həyətdə yerləşir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı – kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb.
 
Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir. Qonaq zalında İçərişəhərin maketi yerləşdirilib. Maraqlıdır ki, İçərişəhərin 32 abidəsindən 4-ü beynəlxalq, 28-i isə ölkə əhəmiyyətli abidələr sırasına daxil edilib.
 
2000-ci ildə UNESCO tərəfindən İçərişəhər (Azərbaycanın paytaxtında yerləşən qədim yaşayış massivi və tarixi-memarlıq qoruğu) və Qız qalası ilə birlikdə Dünya mədəni irsi siyahısına daxil edilib.
 
1932-1934-cü illərdə Şirvanşahlar sarayının əsaslı təmiri və bərpası sayəsində abidənin dağılmasının qarşısı alınmışdı. Saray kompleksinin ardıcıl şəkildə öyrənilməsi və tədqiq edilməsi işləri isə Böyük Vətən müharibəsindən sonra başlanmışdı. 1945-ci ildən Şirvanşahlar saray kompleksinin ayrı-ayrı abidələrinin elmi əsaslarla bərpasına başlanılmış, 1950-ci ildə bu məqsədlə elmi-bərpa istehsalat emalatxanası yaradılmışdır.