Odlar Yurdu

İlisu

Azərbaycanın şimal qərbində, Böyük Qafqazın cənub ətəklərində, dəniz səviyyəsindən 1400 m yüksəklikdə adı salnamələrdə çəkilən qədim bir kənd yerləşir, bu İlisu kəndidir. Kənd 8 məhəlləyə bölünüb.
 
Azərbaycanın nadir kəndlərindən olan İlisu Qax şəhərindən 12 kilometr məsafədə, dağlıq və meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə, Kürmükçay və Ağçay çaylarının birləşdiyi məkanda yerləşir. Ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələri tədqiq edən alimlərin fikrinə görə kənd bir yaşayış məskəni kimi XIII əsrdən formalaşıb. Sonradan ətraf yerlərdən bura xeyli insan köç edib və İlisu böyük yaşayış məskəninə çevrilib.
 
Qədimdə əhalinin əsas hissəsi sənətkarlardan ibarət idi. Hər nəsil müxtəlif peşələrlə məşğul olurdu və bu peşələr nəsildən-nəsilə ötürülərək qorunub saxlanılırdı. Kəndin yaxınlığında müalicəvi bulaqlar çağlayır. Bunlardan biri kənddən 5-6 kilometr şimal-şərqdə Hamamçay dərəsində yerləşən “İsti bulaq”dır.  Lap qədimlərdən insanlar yel xəstəliyinin müalicəsində bu bulağın suyundan istifadə edirdilər. İlisuda müalicəvi qaynaqlardan başqa, həm də çox dadlı suları olan digər bulaqlar da var. Yayın qızmar vaxtı belə diş göynədən “Beşbulaq” kəndin düz mərkəzində yerləşir.
 
İlisu tarixi abidələr baxımından da turistlərin ən çox xoşladığı məkanlardan biridir. Buranın tarixi abidələri sırasına Sumuq Qala, qədim alban məbədlərinin xarabalıqları, Kum və Likit yaşayış məntəqələri, müqəddəs Georgi məbədi, qədim məscid və digər abidələr daxildir. 
 
Sumuq qala XVIII əsrdə İlisu kəndinin Bucaq məhəlləsində inşa edilib. Hərbi təyinatına görə müşahidə qülləsi olan bu qala çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən tikilib. “Qorxma – mən səninləyəm" adlı məşhur bədii filmin bir neçə epizodu məhz bu qalada çəkilib.
 
İlisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın üstündə yerləşən və XIX əsrin ortalarına aid edilən Qalaça abidəsi də tarixi ilə keçmişdən soraq verən abidələrdəndir. Dairəvi formaya malik qalaça keçmişdə İlisuya gələn bütün yolları nəzarətdə saxlamağa imkan verirdi. Bu qalaça yerli əhali arasında Şamil qalası kimi də tanınır və nadir tarixi-memarlıq abidəsi kimi qorunur.
 
Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasındakı son yaşayış məntəqəsi olan Sarıbaş qülləsi görünür. Bu qüllə də turistləri tez-tez ziyarət etdikləri məkandır. Kənd özünün təbiət gözəllikləri, xüsusilə saf suyu və havası, tarixi abidələri ilə yanaşı son dərəcə müasir istirahət mərkəzləri ilə də məşhurlaşıb. İlisu bu müasirliyi ilə qonaqlarını heyran etsə də qədimlik nişanəsi olan simasını bu günədək qoruyub saxlaya bilib. Bu yerlərin insanları hazırda süfrələrindən tutmuş geyimlərinədək, söz-söhbətlərindən tutmuş nəğmələrinədək əcdadlarının bir çox adət-ənənələrini gündəlik məişətlərində yaşadırlar.