Odlar Yurdu

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi

1979-cu ildə tarixi və mədəni abidələrlə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edildi və muzey üçün eksponatların toplanmasına başlanıldı. Bu işin icrası və muzeyə rəhbərlik tarix elmləri doktoru Solmaz Səttar qızı Məhərrəmovaya tapşırıldı. 
 
Muzeyin yerləşdiyi bina 1924-cü ildə Azərbaycan memarlıq üslubunda tikilib. Binanın fasadı rəngli şəbəkə şəklində işlənilib. Muzeyin ikinci mərtəbədəsində yerləşən ekspozisiya sahəsi 360 m²-dən artıq olub. Muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib. Burada Laçın rayonunun qədim heykəltəraşlıq sənətinin nümunələri nümayiş olunurdu. Muzeyin fondunda ümumilikdə 10 min eksponat mövcud idi. Muzeyin ekspozisiyası 1983-cü ildə istifadəyə verilib. 1989-cu ildə muzey Sovet İttifaqı ərazisində keçirilən baxış müsabiqəsinin qalibi olub, muzeyin direktoru isə xüsusi medalla təltif edilib. 
 
Laçın şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində muzey eksponatlarının bir hissəsi məhv edilmiş, qalan hissəsi isə talan olunmuşdur. Hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir. 1992-ci ildən etibarən muzey öz fəaliyyətini Bakı şəhərində davam etdirir. Muzey əsasən eksponatların toplanması ilə məşğul olur. Muzeyin fondunda 1200 eksponat mövcuddur. Eksponatların əksəriyyəti XIX əsrə aid olub regionun tarixini əks etdirir.