Bu maraqlıdır!

Palmira - səhrada şəhər

Qədim Palmira (Tadmor, “Palmalar şəhəri”) xarabalıqları - Suriya səhrasının ortasındakı vahədə yerləşir. “Səhranın gəlini” adlanan qədim şəhər  hazırda təbii maneələrlə şimal, qərb və cənub-qərbdən - dağlar, şərq və cənubdan isə - quru düzənliklər və Avran bölgəsinə qədər uzanan vulkanik bazalt çölləri ilə əhatə olunub. Şərqdə, Vadi səhrasından aralıda, Fars körfəzinə tökülən Fərat çayı axır.

 

İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir.

 

Palmira şəhərinin adı ilk dəfə təxminən e.ə. XIX əsrdə “Tadmor” olaraq Mari kitabələrində ticarət karvanlarının və suteanlar kimi köçəri xalqların dayanacaq yeri kimi çəkilir. Şəhər Fadmor adı ilə də, yəni “Yəhudi padşahı Solomonun (e.ə. 965-928) ən şərq şəhəri” kimi də qeyd olunur.

 

E.ə. XVIII əsrdə Assur hökmdarı I Şamşiadad Aralıq dənizi sahillərinə yürüşü zamanı məhz bu ərazilərdən keçmişdi. Həmin vaxt Palmira Qatna krallığının ən şərq sərhəddini təşkil edirdi. Şəhər həm də Emar şəhərində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış e.ə. XIII əsrə aid kitabədə xatırlanır və iki “Tadmor” şahidinin adı vurğulanır. E.ə. XI əsrdə Assur kralı I Tiqlatpalasar öz yazılarında Tadmar aramilərinin vurduğu zərbənin dəf edilməsindən danışır.

 

Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

 

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. Şəhərin Şərqlə Qərb arasındakı mövqeyi- mədəniyyətlərin qarışığını özündə əks etdirir. 332-ci ildə Palmiranın yunanlar tərəfindən zəbt edilməsi, burada yunan mədəniyyətinin, dininin, fəlsəfəsinin, incəsənətinin geniş şəkildə yayılmasına səbəb olmuşdur. Roma tərəfindən fəth edildikdən və Roma İmperiyasının bir hissəsinə çevrildikdən sonra isə Romanın rəqibləri olan Parfiya və Sasanilərin təsiri ilə bölgənin mədəni rəngarəngliyi artdı.

 

Bölgənin əsas dili eyni əlifbaya malik, İbri dilinə yaxın olan — Aramey dili idi. Burada yunanca da danışılırdı. Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş abidələr və yazılar bu iki dildə hazırlanmışdır. Bəzi yazılar da latın dilindədir, lakin onlar daha sonrakı dövrə aiddir. 


III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmiş, 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Raşidi, Əməvilər, Abbasilər xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. 1400-cü ildə Teymurilər tərəfindən dağıdıldıqdan sonra kiçik bir kəndə çevrilən Palmira Osmanlıların (1918-ci ilə kimi), Suriya krallığının daha sonra isə Suriya və Livanda Fransa Mandatının tərkibində olmuşdur.

 

1929-cu ildə Fransızlar Palmira kəndinin əhalisini yeni inşa edilmiş Tadmur kəndinə köçürməyə başlamışlar, köçürmə işləri 1932-ci ildə tamamlanmış və tamamilə boşalmış ərazi arxeoloji tədqiqatlar üçün yararlı hala gətirilmişdir.

 

21 may 2015-ci ildə Palmira ərazisi İŞİD terrorçu qruplaşması tərəfindən ələ keçirilmişdir. 27 mart 2016-cı ildə şəhər yenidən Suriya Silahlı Qüvvələrinin nəzarəti altına keçmişdir.

 

Palmira sakinləri əsasən aramilər, amorilər, ərəblər və kiçik bir yəhudi topluluğundan ibarət idi. Şəhər sakinləri əsasən arami dilinin yerli ləhcəsində və əlavə olaraq həm də yunan dilində danışmışdır. 634-cü ildə şəhərin ərəblər tərəfindən ələ keçirilməsindən sonra hər iki dil ərəb dili ilə əvəzlənmişdir. Palmiranın Yunan-Roma və Fars mədəniyyətindən təsirlənmiş yerli mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli incəsənət və memarlıq nümunələri bəxş etmişdir. Şəhər sakinləri yerli tanrılarla yanaşı, Mesopotamiya və Ərəb tanrılarına da inanırdılar. IV əsrdə Xristianlığın yayıldığı şəhərdə, I minilliyin ikinci yarısından İslam yayılmağa başlamışdır.

 

Palmiranın siyasi quruluşu Yunan şəhər dövlətləri modelinə əsaslanırdı. Dövlət həm ictimai, həm də hərbi işlərə nəzarət edən senat tərəfindən idarə olunurdu. III əsrdə koloniya statusu aldıqdan sonra Palmiranın dövlət quruluşu Roma dövlət institutlarına uyğunlaşdırılmış, 260-cı ildən isə Palmirada tipik monarxiya quruluşu formalaşdırılmışdır. Palmiranın əsas gəliri karvan ticarətindən idi. Palmiralılar bütün İpək Yolu boyunca koloniyalar yaradan və Roma imperiyasının geniş ərazisində ticarətlə məşğul olan zəngin tacirlər idilər.

 

“Palmira” adı ilk dəfə b.e. I əsrində Böyük Plini tərəfindən qeyd edilir və sonradan Yunan-Roma mədəniyyətinin təsiri yayılmış bütün ərazilərdə istifadə olunur.

 

Palmirada hələ Neolit dövründə yaşayışın olmasına dair sübutlar, e.ə. 7500-cü illərə aid edilən daş əmək alətləri aşkarlanmışdır. Bel məbədinin altında yerləşən telldə aparılmış arxeoakustik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu ərazidə hələ e.ə. 2300-cü illərdə dini ibadətlər həyata keçirilmişdir.

 

Böyük su anbarlarından, dənizlərdən və çaylardan uzaqda və kifayət qədər çətin relyefdə yerləşməsinə baxmayaraq, Palmira şəhəri böyük ticarət mərkəzi və Böyük İpək Yolu üçün mühüm məntəqə olub.

 

Şəhərin özü uzunluğu təxminən iki kilometr, eni isə bunun yarısı olan elliptik formaya malik olub. Divarlarla əhatə olunmuş Palmiranın əsas abidələri günümüzdə yaxşı qorunub saxlanılmışdır. Romalıların gəlişindən əvvəl şəhərdə iki mərkəz var idi - dini və ticari. Arxeoloqlar şərqdən qərbə doğru uzanan 1100 m uzunluğunda və 11 m enində olan əsas dekumanusu — Böyük Sütun- adlandırdılar. Dekumanus əvvəlcə 1500 sütundan ibarət idi. Sütunların arxasında evlər, mağazalar, anbarlar və digər mühüm tikililər yerləşib. Şəhərin cənubunda — aqora (görüş meydanı) və Senatın binası yerləşib. Qədim Roma dövrünün ən gözəl teatrlarından biri hələ də şəhərdə qorunub saxlanılmışdır.