Görkəmli şəxsiyyətlər

Əbu Əli ibn Sina (Avisenna)

Avropalıların Avisenna adlandırdıqları Əbu Əli ibn Sina qoca Şərqin digər böyük alimi Biruninin müasiri olub. O, 980-ci ildə  Buxaranın yaxınlığında Əfşan adlı yerdə dünyaya gəlib. Atası  dövrünün varlı və mədəni insanlarından biri olub. İbn Sinanın 5 yaşı tamam olanda onu Buxaraya gətiriblər.  X əsrdə Buxara Orta Asiyanın mədəni  mərkəzlərindən  biri sayılırdı.  İbn Sinanın uşaqlıq və gənclik illəri daim gərgin məşğələlərdə keçib.  O, qeyri-adi işləmək və hər şeyə maraq göstərmək  bacarığı ilə seçilib. 
 
İbn Sina  qədim yunan fəlsəfəsinə, məntiqə, təbabətə, astronomiyaya dərindən yiyələnib. Xüsusilə təbabət sahəsində çalışıb və qədim təbiblər Hippokrat və Qalenin təcrübəsini öyrənib.  Bu sahədə yetərincə dərin biliklər əldə edən İbn Sina  praktiki fəaliyyətə - xəstələri pulsuz müalicə etməyə başlayır.  Bu barədə özü belə deyib: “...qısa müddətdə  mənim bu sahədə məharətim  elə bir  həddə çatdı ki,  dövrümün  ən adlı-sanlı  həkimlərinin çoxu  tibbi bilikləri məndən öyrənməyə başladı. Mən, müalicəyə  başladım.... və tibbi təcrübələr aparmaq üçün qarşımda təsvirəgəlməz dərəcədə geniş imkanlar açıldı”.  
 
İbn Sinanın bəxti onda gətirir ki,  Buxarada  Samanilər sarayının  kitabxanasından istifadə etmək imkanı olur.  Onun çox güclü yaddaşı olub.  Alim X əsrin sonunda  Xarəzmin paytaxtı Ürgəncə köçür.  Burada tarixdə “Məmun Akademiyası”  adı ilə məşhur olan böyük elmi mərkəz yaradılır.  Bu akademiyada  X əsrin sonu və XI əsrin əvvəllərinin  ən görkəmli  alimləri  çalışıb.  Biruni də onların arasında olub.  Orta Asiyanın iki böyük aliminin görüşü  məhz burada baş tutub. 
 
İbn Sina  Xarəzmdə  “Əl-qanun fi-tibb” (“Tibb elminin qanunu” ), “Kitab əş-şəfa” (“Şəfa kitabı”) kitablarını yazıb. Beş cilddə “Əl-qanun fi-tibb” kitabı sonralar elə bir dünya şöhrəti qazanıb ki, İbn Sinanın adı təbabətin korifeyləri Hippokrat və Qalen ilə  yanaşı çəkilməyə başlayıb.  “Tibb elminin qanunu” kitabında o dövrün tibb elminin  əsasları şərh edilib. Bütün orta əsrlər tarixində tibbi biliklər ilə bu qədər zəngin ikinci kitab yoxdur. 
 
1017-ci ildə Mahmud Qəznəvi  Xarəzmi istila edərək “Məmun Akademiyası”nı  dağıdır. Bu Akademiyanın bir çox alimləri, o cümlədən Əbu Əli ibn Sina  Xarəzmi tərk etmək məcburiyyətində qalır.  Bundan sonra o,  çətin şəraitdə yaşayır, həkimlik etməklə dolanır.   
 
İbn Sina  fizika, riyaziyyat, astronomiya , kimya, fəlsəfə, təbabət, hərbi qurğular, nikah, ailə, musiqi haqqında çoxlu maraqlı əsərlər yazıb.  Onun əsərlərinin ümumi sayı 100-ə çatır. İbn Sina  1037-ci ildə  vəfat edib,  Həmədan şəhərində dəfn olunub.