Odlar Yurdu

Xudavəng monastır kompleksi

Xudavəng monastır kompleksi (IV-XIII əsrlər) — Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Məbədin adı burada ilk xristian missionerlərindən sayılan Faddey-Dədənin dəfn olunması ehtimalı ilə bağlıdır.  XV əsrdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
 
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoşda bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşlar. 
 
Kompleksə ümumilikdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatə olunub. 
 
Üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkil və yazılar olub. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq kristallaşmış gildən əmələ gəlmişdir. Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar. Ermənilər müxtəlif vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsakın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimaiyyətinə saxta tarixi məlumatlar çatdırırlar.
 
Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdü.
 
Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir.