Mədəni irsimiz

Təbriz xalçaçılıq məktəbi

Azərbaycan xalçaları arasında Təbriz məktəbinə məxsus olanlar kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
 
Təbriz qrupuna daxil olan xalçaları daha çox ilmələrin sıxlığı fərqləndirir. Elə bu yüksək sıxlıq bilavasitə xalçalarda ən zərif elementləri  belə ifadə etməyə imkan verir. “Əfsan”, “Ləçək-türünc”, “Şeyx Səfi”, “Ağaclı”, “Sarabi”, “Açma-yumma” bu qrupun geniş yayılmış çeşniləridir. İlmələrin hündürlüyü 2-15 millimetrə, bir kvadratmetrdə ilmələrin sıxlığı isə 700-800 minə çatır.