Yumor

Bəhlulun uşaqlığı

Uşaqlar küçədə oynayarkən bir sərçə balası tuturlar. O deyir sərçə mənimdir, bu deyir mənimdir. Az qalırlar bir-birini döysünlər. Bu vaxt Bəhlul hələ gənc imiş. Amma cavanlığına baxmayaraq çox ağıllı, hazırcavab imiş. Uşaqlar öz aralarında danışırlar ki, Bəhlulu görsək, ona deyərik, bizim şərimizi kəsər. Bu məqsədlə uşaqlar yola çıxıb Bəhlulu axtarırlar. Birdən görürlər ki, bir cavan oğlan gəlir. Uşaqlardan biri onu dayandırıb deyir:


-Biz Bəhlulu axtarırıq, onu harada tapa bilərik?


Cavan oğlan deyir:


-Bilmənəm, görmənəm, eşitmənəm.


Uşaqlar görürlər ki, oğlan Bəhlulu tanımır, bundan əl çəkib, başqa adam axtarmağa gedirlər, yaşlı bir kişiyə rast gəlirlər. Onu dayandırıb deyirlər:


-Əmi, biz Bəhlulu axtarırıq, bəlkə, onun yerini biləsən?


Kişi deyir:


-Mən uzaqdan görürdüm, indicə sizin danışdığınız oğlan Bəhlul idi. Uşaqlar deyirlər:


-Biz onun özündən xəbər aldıq, bəs niyə o özünü tanıtmadı?


Kişi deyir:


-O sizə nə dedi?


-Dedi ki, bilmənəm, görmənəm, eşitmənəm. Kişi deyir:


-Siz onu başa düşməyibsiniz. O sizə cavab verib ki, bil, mənəm, gör, mənəm, eşit, mənəm. Yəni axtardığınız adam bil, gör, eşit, mən özüməm.