Təbiət

Böcəklər

Bilirsənmi ki, dünyanı hansı canlılar idarə edir? Yox, şirlər deyil, hərçənd ki, onları heyvanların şahı adlandırırlar. Canavarlar da deyil. Hətta akulalar da deyil. Onlar həddindən artıq böyükdür və sayca bir o qədər də çox deyil. Düzgün cavab – böcəklərdir.
 
Bəli, bəli, böcəklər dünyanın əsl hökmdarlarıdır. Planetimizdə böcəklərin sayı suda-quruda yaşayanlar, quşlar, balıqlar, məməlilər və sürünənlərin birgə sayından çoxdur. Bu gün böcəklərin 350 min növü məlumdur. Əslində isə onlar daha çoxdur, axı alimlər hər dəfə  yeni növ müxtəlifliyini aşkar edirlər.
 
Yer üzündə böcəklərin o qədər müxtəlif növü var ki, təsəvvürə belə gətirmək mümkün deyil. Biz əgər hər növdən birini götürsək və sıra ilə düzsək, onda böcək zənciri 3 kilometrdən çox uzanar. Böcəyi axtarmaq çətin deyil, onlara hər yerdə rast gəlinir.
 
Çətinlik onların xüsusiyyətlərindən baş çıxarmaqdadır. Böcəklər həşəratlardır. Onların 6 ayağı var, bədəni isə üç hissədən ibarətdir. Böcəyin başında iki gözü və bir cüt bığcığı olur. Orta hissə sinə adlanır. Böcəklər ayaqlarındakı dırnaqcıqlar vasitəsilə daşlara və ağaclara dırmaşırlar.
 
Digər həşəratlarda olduğu kimi, böcəklərin də bədəni möhkəm xarici qabıqla (xitin qatı) örtülüdür. Buna ekzoskelet deyilir. Ekzoskelet böyümür, buna görə də həşəratlar onun altında yenisi, daha böyüyü çıxanda üstdəkini atırlar. Yəqin sən bilirsən ki, həşəratların hamısında qanad yoxdur. Lakin böcəklərdə var. Onların ön qanadları üst qanadlar adlanır. Onlar möhkəm və sərtdir və uçmaq üçün deyil. Üst qanadlar böcəyin yumşaq bədənini qoruyur. 
 
Böcəklərin əksəriyyəti bitkilərlə qidalanır. Digər böcəklər qabıq, oduncaq və fındıqla qidalanır. Odun böcəyi oduncaqla qidalanır. Uzunburun böcəklər uzun xortumcuqları ilə fındıq qabığını deşir və dadlı ləpəni yeyirlər. Səkkiz santimetrlik qoliaf böcək çiçəklərin nektarını və meyvələrin şirəsini sorur. Böcəklərin heç də hamısı bitkilərlə qidalanmır.
 
Elələri var ki, bitkiləri qoruyur. Buna misal olaraq parabüzəni göstərmək olar. Bu həşəratlar bitkilərə zərər vuran mənənələrlə qidalanır. Parabüzənlər bağları bu zərərvericilərdən təmizləyir. Böcəklər arasında qeyri-adi faydalıları var – onlar təmizliyi qoruyurlar. Məsələn, peyin qurdu heyvanların peyini ilə qidalanır.
 
Bəzi böcəklər heyvanların leşi ilə qidalanırlar. Böcəklərin bu “dadsız” qidaya meyli nəticəsində meşələr və çəmənlər daha təmiz olur. Digər həşəratlardan fərqli olaraq böcəklər insan qanını zərrə qədər də xoşlamır. Onların sırasında zahirən qorxunc görkəmliləri olsa da, əslində onlar tamamilə zərərsizdirlər.