Görkəmli şəxsiyyətlər

Robespyer (1758-1794)

Fransa inqilabı başlayanda Arras şəhərindən olan 30 yaşlı vəkil Maksimilian Mari İsidor de Robespyerin 30 yaşı vardı. Həmvətənləri təmkinli, xeyirxah, ciddi, həmişə səliqəli geyinən gənc vəkilə hörmətlə yanaşırdılar.  O, hansı işlərə baxırdı? Robespyerin vəkillik etdiyi ən məşhur işlərdən biri: bir nəfər evində ildırım ötürücü quraşdırır.
 
Təzəcə ixtira edilmiş və o dövrdə görünməmiş bir şey olan  bu qurğu əsl şok yaradır. Onu “ictimai asayişə təhlükə yaradan” bir qurğu kimi sökürlər. Bu iş məhkəməlik olur. Robespyer məhkəmədə bir neçə parlaq nitq söyləyərək, cəhaləti tənqid edir. Onun nitqindən sonra  ildırım ötürücüsü  sökülməsi barədə qərar ləğv edilir. Robespyerin nitqləri ayrıca kitabça şəklində çap edilir və ona şöhrət gətirir. 
 
Robespyer filosof Jan Jak Russonun azadlıqsevər ideyalarının pərəştişkarı idi. 1789-cu ildə Ropespyer öz əyalətində  Baş Ştatlara üçüncü zümrədən deputat seçilir. O, adı ən az çəkilən xalq nümayəndələrindən biri sayılırdı. İclaslar barədə  hesabatlar dərc edən qəzetlər onun adını tez-tez dolaşıq salır, gah Rober, gah da Robespyer yazırdılar. Robespyer göz qabağında olmasa da, ən fəal deputatlardan biri idi. 
 
Robespyer üçün “xalq” sözü həqiqətin sinonimi idi. İnqilabi kütlə 1789-cu ilin yayında  keçmiş əyan Fulona amansız divan tutaraq, onu fənərdən asır. Robespyer  dostuna yazdığı məktubda bu məsələyə belə münasibət bildirir: “Dünən Fulon  xalqın hökmü ilə edam edildi”. 
 
1790-cı ildən başlayaraq, Robespyerin xalq içində nüfuzu artmağa başlayır. Onu    “Satılmaz” adlandırırlar.  Müəssislər Məclisinin fəaliyyətinin dayandırıldığı gün -  1791-ci il sentyabrın 30-da Paris xalqı Robespyeri gurultulu alqışlarla salamlayır.
 
Robespyer özəl həyatında da yoxsullarla oturub-durmağa çalışırdı. O, xarrat Düplenin evində çox sadə həyat tərzi sürürdü. Ömrünün son günlərinə qədər də bu taxta evin kiçik otaqlarından birində yaşayır. 
 
Sonrakı ilyarım ərzində - 1792-ci ilin iyununa qədər Robespyerin fəaliyyətini başa düşmək üçün onun xalqa münasibətini bir daha vurğulamaq lazımdır. Robespyerin fikrincə, xalq hərəkatı müqəddəsdir, bütün köhnə qanunları alt-üst etsə də, onun iradəsi qanundur. Buna görə də Robespyer başqa siyasətçilər kimi xalq hərəkatından uzaqlaşmırdı. O, 1792-ci il avqustun 10-da monarxiyanın devrilməsinə bununla bəraət qazandırırdı ki, indiyə qədər “xalqın qanunu olmayıb, yalnız zor gücünə idarə edən müstəbidlərin şıltaqlıqları olub. Onların cinayətləri  xalqı öz hüquqlarına sahib çıxmağa vadar edib“.
 
1792-ci ilin sentyabrında Parisdə Fransanın yeni seçilmiş qanunverici orqanı – Konvent  toplanır. Robespyer Konventdə yakobin azlığının liderin olur. Hakim partiya olan jirondistlər yakobinçiləri və Robespyeri xalqa yaltaqlıq etməkdə qınayırlar. Bununla bağlı etirazını bildirən Robespyer deyir: “Siz cəsarət edib məni guya xalqı aldatmaqda və ona yaltaqlıq etməkdə ittiham edirsiniz!  Bunu necə edə bilərəm?  Axı, mən nə riyakaram, nə tribunam, nə də  xalqın müdafiəçisiyəm, mən xalqın özüyəm!”.
 
1793-cü ilin iyununda  silahlı parislilərin  təzyiqi ilə  Konvent jirondistlərin başçılarını qovur. Fransada hakimiyyət yakobinçilərin, ilk növbədə Robespyerin əlinə keçir. Budur, Robespyer iqtidardadır. Görəsən, hadisələrin məntiqi bu insanı hara aparıb çıxaracaq? Bunu başa düşmək üçün onun baxışlarını, eləcə də bütövlükdə fransız  inqilabçılarının baxışlarını nəzərdən keçirmək lazımdır. 
 
Robespyer, eləcə də Fransa inqilabçılarının çoxu belə bir ideyadan çıxış edirlər:  insan təbiət etibarilə mehriban və nəcibdir. İstibdad və müstəbidlik onun həqiqi simasını təhrif edir. Cəmiyyətin ona geyindirdiyi bu libası zorla qoparmaq lazımdır. Onda insanın daxili gözəlliyi bütünlüklə üzə çıxacaq. 
 
Robespyer və tərəfdarları hakimiyyətdə olduqları dövrdə məhz bu ideyaları rəhbər tuturdular. Həmin dövrdə siyasi edamlar – yakobin terroru böyük vüsət alır. Terror Robespyer üçün onun idealına  -  ümumi yaxşılığa nail olmaq vasitəsi idi. Robespyer edamlara haqq qazandırırdı. Hesab edirdi ki, ayrı-ayrı əxlaqsız adamlar  xalqın yaxşılıq qanunlarına uyğun yaşamasına imkan vermirlər. Bu isə o deməkdir ki, yaxşı adamlar onlara qarşı terrora başlamalıdırlar. Onda terrorun özü yaxşılığın təzahürü olacaq. 
 
Kraliça, kralın tərəfdarları, qiyam qaldırmaq istəyən jirondistlər gilyotinə göndərilirlər. Amma Robespyerin və onun silahdaşlarının gözündə əxlaqsız və pozğun adamların sayı azalmır ki azalmır. Terror qılıncı artıq yakobinçilərin öz başlarını kəsir. 1794-cü ildə Danton və onun tərəfdarları edam edilir. Robespyer Danton haqqında qeydlərində yazır: “Sözün “məziyyət” olması  Dantonda gülüş doğururdu. Hər ideyanı əxlaqa zidd qəbul edən adam azadlığın müdafiəçisi ola bilərmi?”
 
Respublikanın yaxşılığını istəməyən açıq düşmənləri ifşa edəndən sonra Robespyer  gördü ki, terrorun sıravi təşkilatçılarının, Konvent deputatlarının əxlaqı da qüsursuz deyil. Onların çoxu  terroru şəxsi varlanma, edam və özbaşınalıq etmək vasitəsinə çevirib. Yaxşılığın tam zəfər çalması üçün bu dəfə həmin adamları cəzalandırmaq lazım idi.
 
Robespyer müəmmalı xəbərdarlıqlar və təhdidlərlə dolu son nitqini ölümünə iki gün qalmış - 1794-cü il iyulun 26-da söylədi.  O dedi: “Onlar məni müstəbid adlandırırlar. Əgər müstəbid olsaydım,  ayaqlarımın altında sürünərdilər.  Mən onları qızıla tutdum, hər cür cinayətlər törətmək hüququ ilə təmin etdim. Onlar mənə minnətdar olmalı idilər. İstibdad fırıldaqçıların köməyi ilə yaranır.  Onlara qarşı mübarizə aparanlar nəyə nail olurlar? Məzar və əbədiyyət qazanırlar”. 
 
Robespyer onu ittiham edənlərin adlarını çəkmədi. Amma öz başlarından qorxan deputatların çoxu onun əleyhinə çıxdı. İyulun 27-də Robespyer Konventin iclasında həbs edildi, ertəsi gün səhər isə gilyotində edam edildi. Maksimilian Robespyerin məzarında bu sözlər yazılıb:  “Yoldan keçən! Mənim taleyimə görə kədərlənmə. Çünki mən yaşasaydım, sən yaşamazdın”.