Təbiət

Banan necə bitir?

Banan bitkisi – qısa gövdəli və iri kökümsovlu hündür, bəzi hallarda isə nəhəng otdur. Gövdəsinin hündürlüyü 10 metrə, diametri isə bəzən 40 santimetrə çatır. Meyvələri salxımda birləşir, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50—60 kiloqrama çatır.
 
Bananın vətəni Hindistandır. Bu bitki dünyanın bütün tropik zonalarına yayılıb. Cənubi Hindistanda banan məhz buradan təxminən 3000 ildir ki, yetişdirilir. Banan tingini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşıb və əhalinin xoşuna gəlib.
 
Avropada isə 20-ci əsrə qədər bu bitkini təmtəraq göstəricisi  hesab edirdilər. İndi banan  çox ölkələrdən idxal edilir. Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlı olandaki da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan "cırtdan" banan çox dadlı sayılır.
 
Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin vənişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O, qızardılır, pörtlədir, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur.
 
Bananın tərkibində 14—22% şəkər, 5—8% nişasta, 1,5%-dək protein olur.Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. 
 
Amerika Kimya Cəmiyyəti mütəxəssisləri hesab edirlər ki, banan qabığının suyundan agır metallardan təmizləmədə istifadə etmək olar. Alimlərin təqdim etdiyi hesabatda deyilir ki, doğranılmış banan qabığı suyun təmizlənməsi üçün nəzərdə tutulan digər müasir materiallara nisbətən daha səmərəlidir.