Görkəmli şəxsiyyətlər

Bencamin Franklin

Amerikanın dövlət xadimi, diplomat, ensiklopediyaçı-alim, naşir və jurnalist Bencamin Franklin 1706-cı ildə anadan olub. ABŞ-ın qurucularından biri kimi də tarixə düşüb. Bencaminin atası puritan olduğundan dini təqiblərdən qaçaraq 1682-ci ildə İngiltərədən Bostona köçüb. 8 yaşında olarkən atası onu keşiş görmək arzusu ilə orta məktəbə yollayır. Artıq 10 yaşında Ben atasının emalatxanasında sabun bişirir, şam üçün mum əridirdi.
 
Oxumağı çox sevən Franklin təbiət elmlərinə maraq göstərir, latın, italyan, ispan və fransız dillərini öyrənir. Okeana bağlı olan Ben həmçinin yaxşı üzür və tez-tez həmyaşıdları ilə balıq tuturdu. Bencamin çox keçmədən qardaşının idarə etdiyi mətbəəyə işə düzəlir. Lakin onunla yola getmədiyi üçün gəmiyə minərək Nyu-Yorka, bir neçə həftədən sonra isə Filadelfiyaya gedir.
 
Onun biliyi, bacarığı və çap işinə dərindən bələd olması Pensilvaniyanın qubernatoru Uilyam Keytin qulağına çatır. Qubernator Franklinə pul və tövsiyə məktubları söz verərək qayıtdıqdan sonra şəxsi mətbəəsini açmaq məqsədi ilə onu çap avadanlığı almaq üçün İngiltərəyə göndərir.
 
Londonda mətbəə sənətinin bütün incəliklərini öyrənərək Amerikaya qayıdan Ben çap biznesi ilə məşğul olmağa başlayır. Çap işi sayəsində Franklinin siyasi və ictimai xadim kimi karyerası başlayır. Filadelfiyada qubernatorlardan tutmuş yerli məclisin klerklərinə qədər bütün dövlət məmurları onun nəşrlərinə abunə olur. Blankların, müxtəlif sənədlərin və hətta kağız pulların hazırlanması üçün bütün sifarişlər də Franklinin mətbəəsinə verilir.
 
Franklinin sayəsində Britaniya imperiyası çərçivəsində intellektual aktivlik baxımından Filadelfiya ilə yalnız iki şəhər – London və Edinburq müqayisə oluna bilərdi. Bencamini ictimai fəaliyyətdə həddən artıq aktiv iştirak etməkdə günahlandıranlara “Heç vaxt vəzifə istəmə, nə də ondan imtina etmə və heç vaxt vəzifədən könüllü getmə”, - deyərdi.
 
Franklin ildırım ötürücüsü, küçə fənərləri üçün lampa, qənaətcil soba kəşf edib, Holfstrim isti okean cərəyanının adını verib və onun tədqiqatını həyata keçirib, ABŞ-da ilk ictimai kitabxananın və Filadelfiya akademiyasının əsasını qoyub. O, İngiltərə Kral alimlər cəmiyyətinin üzvü seçilib və elmi nailiyyətlərinə görə Kopli medalına layiq görülüb.
 
Bencamin Franklin Koloniyalar İttifaqının yeni planını hazırlayıb, Amerikanın vahid poçt xidmətini təşkil edib, Müstəqillik Bəyannaməsini yazıb, general Corc Vaşinqtonun müşaviri olub, sonradan isə Amerika Respublikasının Fransada səfiri vəzifəsinə təyin edilib.
 
Franklin ABŞ-ın baniləri arasında Amerika Birləşmiş Ştatlarının müstəqil dövlət kimi yaranmasında əsas rol oynayan hər üç tarixi sənədə imza atan yeganə şəxsdir. Bunlar ABŞ Müstəqillik Bəyannaməsi, ABŞ Konstitusiyası və Şimali Amerikada yerləşən 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni formal olaraq bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
 
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin 100 dollarlıq əskinazında 1914-cü ildən bu yana Bencamin Franklinin şəkli təsvir olunur.