B

Bülbül (Murtuza Məmmədov)

 
Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.
Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib)
 
1897-ci il iyunun 22-də  Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.
 
1916-cı ildən səhnə fəaliyyətinə başlayıb.
 
1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub.
 
1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib.
 
1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
 
1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.
 
1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.
Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.
 
Oynadığı əsas partiyalar
Koroğlu – Üzeyir Hacıbəyli, “Koroğlu”;
Əsgər – Üzeyir Hacıbəyli, “Arşın mal alan”;
Qərib – Qlier, “Şahsənəm”;
Əlyar – Müslüm Maqomayev, “Nərgiz”;
Nizami – Əfrasiyab Bədəlbəyli, “Nizami”;
Fərhad – Niyazi, “Xosrov və Şirin”;
Aslan – Qara Qarayev və Cövdət Hacıyev, “Vətən”;
Mario - Cakomo Puççini, “Toska”.
 
İfa etdiyi romanslar, xalq mahnıları və təsniflər
“Sənsiz” – Üzeyir Hacıbəyli;
“Sevgili canan” – Üzeyir Hacıbəyli;
“Ölkəm” – Asəf Zeynallı;
“Süsən sünbül” – xalq mahnısı;
“Yaxan düymələ” – xalq mahnısı;
“Qara gözlər” – xalq mahnısı;
“Çal-oyna” – xalq mahnısı;
“Xumar oldum” - xalq mahnısı (Niyazinin işləməsində);
“Segah təsnifləri”.