Nağıllar, hekayələr

Odisseyin səyahəti (1-ci hissə)

Qədim Yunan şairi Homerin “Odisseya” poemasında Troya müharibəsinin qəhrəmanlarından, Odisseyin vətənə qayıdarkən macəra və təklükələrlə dolu səyahətindən bəhs edilir. Odissey sözünün mənası qədim yunancada “Tanrılar tərəfindən sevilməyən” mənasını verir. Düzdür, bəzi hallarda yunan allahları Odisseyə kömək etsələr də, o bir çox hallarda başına gələn hadisə və təhlükələrdən zəkası, hiyləgərliyi və cəsarəti hesabına çıxmalı olurdu.  


Troya müharibəsi başa çatdıqdan sonra Odissey əldə etdiyi qənimətlərlə dolu 12 gəmisi ilə Yunanıstanın qərb sahillərində yerləşən vətəni İtaka adasına yola düşdü. Bir neçə günlük səyahətdən sonra külək gəmiləri Kikon tayfalarının yaşadığı ərazilərə gətirib çıxardı. Odissey və dostları Kikon tayfasına hücum edib çoxlu qənimət əldə etdilər. Amma qələbədən ruhlanan yunanlar o qədər sərxoş oldular ki, hamısını yuxu tutdu və onlar gözətçi qoymağı unutdular. Bundan istifadə edən kikonlar yunanlara hücum etdilər. Xeyli yunan həlak oldu. Odissey və sağ qalanlar canlarını güclə qurtarıb gəmilərə minib sahildən uzaqlaşdılar. Dənizdə gəmilər möhkəm tufana düşdülər. On günlük səyahətdən sonra gəmilər lotofaqların yaşadığı ərazilərə yan aldılar. Lotofaqlar sülhsevər tayfa idi və lotus bitkisinin meyvələri ilə qidalanırdılar. Bu meyvələrin belə bir sehirli xüsusiyyəti var idi ki, ondan dadmış insanlar öz vətənlərini unudur və birdəfəlik lotofaqlar ölkəsində qalırdılar. Bunu öyrənən Odissey dərhal dostlarına həmin meyvədən dadmağı qadağan edir və gizlicə gəmilərə minib oradan uzaqlaşırlar. Bir müddət sonra dumanda azan gəmilər nəhəng təkgözlü varlıqlar – siklopların yaşadığı adaya yan alırlar. Bu sikloplar öz qoyunlarını otarır və dərin mağaralarda yaşayırdılar. Bədheybət sikloplar olduqca qaniçən idilər və rastlaşdıqları insanları tutub yeyirdilər. Odisey və dostları belə mağaralardan birinə daxil oldular və mağarada heç kimin olmadığını görüb hər yeri axtardılar. Çoxlu ərzaq tapan yunanlar bu ərzaqları götürüb getmək istədilər. Lakin tamahına güc gələ bilməyən Odissey qərara gəldi ki, mağaranın sahibini gözləsinlər və o gələndə say üstünlüklərindən istifadə edib daha qiymətli əşyalar alsınlar. Sən demə mağaranın sahibi dəniz allahı Poseydonun oğlu siklop Polifem imiş. Axşam sürünü otarmaqdan gətirən Polifem mağaraya daxil olanda çağırılmamış qonaqları gördü. Siklopun çox nəhəng olduğunu görən Odissey öz əvvəlki qərarına görə çox peşman olsa da, artıq başqa yol qalmamışdı. Əvvəlcə siklopla mehriban söhbət etməyə başladı.


Amma siklop ona möhkəm güldü və elə ordaca Odisseyin iki dostunu tutub yedi. Daha sonra mağaranın girişinə böyük bir qaya parçası qoyub yuxuya getdi. Odissey onu yuxuda öldürmək istəsə də, düşündü ki, siklopu öldürdükdən sonra qaya parçasını mağaranın girişindən götürməyə gücləri çatmayacaq və qərara gəldi ki, səhərə kimi gözləsin. Səhəri gün Polifem adəti üzrə öz qoyunlarını otarmağa apardı və mağaranın girişini yenə də bağladı. Dostları artıq onları gözləyən tale ilə barışmış olsalar da, Odissey təslim olmadı və hiyləgər bir plan fikirləşdi. Axşam Polifem gələndə Odissey ona özləri ilə gətirdiyi şərabdan təklif etdi. Sikloplar şərab nə olduğunu bilmirdilər və şərabın dadı Polifemin o qədər xoşuna gəldi ki, Odisseydən adını soruşdu və ona dedi ki, elədiyin yaxşılığa görə ən son səni yeyəcəm. Odissey adının “heçkim” olduğunu dedi və siklopa təşəkkür etdi. Bir qədər sonra siklop sərxoş olub yuxuya getdi. Bu zaman Odissey iti nizəsini onun tək gözünə batırdı və siklop dəhşət içində qışqırdı. Gözü kor olan Polifemin qışqırığına digər sikloplar gəldilər. Onlar Polifemdən kimin onun gözünü kor etdiyini soruşanda o, “heçkim” deyə cavab verdiyindən, səhv başa düşüb öz mağaralarına qayıtdılar. Əsəbindən yerinə dura bilməyən Polifem Odissey və dostlarını axtararaq nə qədər əlləşsə də böyük mağarada onları tapa bilmədi. Daha sonra mağaranın girişindən qaya parçasını götürüb gözlədi ki, Odissey və dostları ordan çıxmaq istəyəndə onları tutsun. Səhər olan kimi qoyunlar mağaradan çıxmağa tələsdilər. Siklop onları bir-bir tutub yunlarını yoxlayıb qoyun olduqlarına əmin olduqdan sonra mağaradan buraxırdı. Bunu görən Odissey qoyun dərisini belinə keçirib sürüyə qarışdı. Dostları da onun kimi etdilər və siklop bilməyərəkdən onları mağaradan buraxdı. Odissey və dostları dərhal gəmilərə minib ordan uzaqlaşdılar. 

Ardı var...