Təbiət

Morj yatağı

Şimal Buzlu Okeanının, həmçinin Atlantik Okeanının və Barens dənizinin ona bitişik sahələrinin dayaz yerləri boyu yayılan morj yataqları yaddaşlardan silinməz təəssürat yaradır. Burada sarımtıl rəngli qalın dəri ilə əhatələnmiş nəhəng gövdəli, ağırlığı 1,5 tona çatan yüzlərlə iri morj bir-birinə sıx söykənərək yatır. Yer çatışmazlığı səbəbindən heyvanlar bəzən biri-birinin üstündə - iki layla dincəlir.
 
Yataq daima “hərəkətdədir”: bəzi morjlar yemək və sərinləmək üçün suya baş vurur, bəziləri isə bir az yatmaq üçün digərlərinin üstündən keçərək yerlərinə “tələsir”. Altda qalan morjlar adətən buna görə qəzəblənməsə də, bəzən onların arasında ani münaqişələr də baş verir və güclü dişlər işə düşür.
 
Mütəmadi davam edən səs-küy yataqdan yüzlərlə metr aralıda da eşidilir. Qorxu anında bütün yataq həyəcanlanır. Heyvanlar biri-birini tapdalayaraq, bəzən də balalarını əzə-əzə tez bir zamanda suya çatmağa tələsir. Morjları ovlayan ağ ayılar isə bundan məharətlə istifadə edir. Yırtıcı buzun üstündə dincələn kiçik morj qrupuna yaxınlaşaraq onları qorxutmağa çalışır. Bu zaman qaçan morjların əzdiyi balalar ayıların şikarına çevrilir.
 
Morjlar suda ayıdan qorxmasalar da, dənizdə onları daha güclü heyvan – balinaya  oxşar orkalar gözləyir. 10-15 orkadan ibarət qrup üzən morj sürüsünü əhatəyə alır. Bundan sonra bir neçə orka sürünün mərkəzinə şığıyır və morjları bir neçə qrupa bölərək onlardan birini ovlayır. Digər morjlar isə qaçaraq canlarını qurtara bilir.