Nağıllar, hekayələr

Özbək nağılı. Üç qardaş

Biri var idi, biri yox idi, bir kişi və onun üç oğlu var idi. İpək kimi xasiyyətləri olan qardaşlar çox mehriban dolanırdılar.

Ata tez-tez oğlanlarına deyirdi:

- Övladlarım, bizim nə sürümüz, nə qızılımız, nə də başqa bir var-dövlətimiz var. Çalışın, hər şeyi dərindən öyrənib biləsiniz. Bu elə sizin üçün var-dövlət deməkdir. Belə olsa, heç bir çətinlik sizi qorxutmaz.

Ay keçdi, il dolandı, ata dünyasını dəyişdi. Qardaşlar yığılıb məsləhətləşdilər, axırda bu qərara gəldilər:

- Bizim burada bir işimiz yoxdur! Yaxşısı budur, gedib dünyanı gəzib dolanaq.

Yad ellərdə çoban, nökər olarıq - acından ölmərik. Qardaşlar yol üçün çörək götürüb səfərə çıxdılar. Onlar bomboş dərələrdən, uca dağlardan aşıb gedirdilər. Bəzən dəli külək göz
açmağa imkan vermir, sərt şaxta nəfəslərini kəsirdi. Götürdükləri çörəyin hamısını yedilər, yorulub lap əldən düşdülər. Daş kimi ağırlaşmış ayaqlarını zorla çəkirdilər. Ancaq yol hələ də uzanıb gedirdi, axırı görünmürdü... Qabaqlarına bir şəhər çıxdı.

Qardaşlar sevindilər, addımlarını sürətləndirərək dedilər:

- Artıq pis günlər keçib-getdi, yaxşı günlər qabaqdadır.

Birdən qabaqda gedən böyük qardaş dayandı, yerə baxıb dedi:

- Bir az əvvəl buradan böyük bir dəvə keçib.

Onlar bir az yol getmişdilər ki, ortancıl qardaş dedi:

- Bu dəvənin bir gözü kormuş.

Az sonra kiçik qardaş dedi:

- Bu dəvənin üstündə qucağında körpə uşağı olan bir qadın varmış.

Qardaşlar yollarına davam etdilər. Belində qılınc olan bir nəfər atlı onların qabağına çıxdı. Bu adam qardaşların üçünə də diqqətlə baxdı. Böyük qardaş ona dedi:

- Ey yolçu, deyəsən, nə isə axtarırsan?

- Bəli.

- İtən dəvədirmi? - deyə böyük qardaş soruşdu.

- Dəvədir.

Ortancıl qardaş soruşdu:

- Dəvənin sol gözü kor idimi?

- Bəli.

- Dəvənin üstündə qucağında balaca uşaq olan qadın oturmuşdumu? - deyə kiçik qardaş soruşdu.

Atlı qardaşlardan şübhələnərək dedi:

- Aha, demək, mənim dəvəm sizdədir! Deyin görüm, dəvəmi harada gizlətdiniz? Arvad-uşağımın başına nə iş gəlib?

- Biz sənin dəvənin üzünü də görməmişik, - deyə qardaşlar ona cavab verdilər.

- Əgər görməmisinizsə, bütün bu nişanələr sizə haradan məlumdur?

- Biz bunları ağlımıza vurub nəticə çıxarmışıq. Tez bu tərəfə get, axtarıb dəvəni taparsan, - deyə qardaşlar ona cavab verdilər.

Atlı soyuq səslə dedi:

- Xeyr, mən o tərəfə gedən deyiləm! Dəvənin yerini deyin!


Qardaşlar yenə də dedilər ki, onlar dəvənin üzünü görməyiblər. Ancaq atlı onlara qulaq asmaq da istəmədi. O, qılıncını çəkib qardaşlara əmr etdi ki, düşsünlər onun qabağına. O, qardaşları saraya, padşahın yanına gətirdi və əhvalatı ona danışdı.

Padşah atlıya diqqətlə qulaq asıb dedi:

- Əgər onlar özləri sənə dəvənin bütün əlamətlərini sayıblarsa, onda, yəqin, dəvəni gizlədiblər. Oğruları gətirin buraya!

Dəvə sahibi çıxıb üç qardaşı içəri gətirdi.

- Ey oğrular, - deyə padşah qəzəblə qışqırdı, - siz bu kişinin dəvəsinin başına nə iş gətirmisiniz?

- Biz bu kişinin dəvəsinin üzünü də görməmişik, - deyə qardaşlar cavab verdilər.

Padşah dedi:

- Siz özünüz dəvənin bütün əlamətlərini saymısınız. Siz necə cürət edib boynunuza almırsınız?

- Padşah sağ olsun! - deyə qardaşlar cavab verdilər, - burada heç bir təəccüblü şey yoxdur! Biz uşaqlıqdan hər şeyi dərindən öyrənməyə alışmışıq, fikirləşib çox şeyi ayırd edə bilirik, ağlımızı işlədib işin nə yerdə olduğunu başa düşürük. Buna görə də biz dəvənin üzünü görməyə-görməyə onun bütün əlamətlərini bildik.

Padşah güldü:

- Heç vaxt görmədiyiniz bir şeyi fikirləşməklə necə tapa bilərsiniz? Yaxşı, biz indicə sizi yoxlayarıq, görək düz deyirsiniz, ya yox!

Padşah vəzirini çağırıb qulağına nə isə dedi.


Vəzir o saat saraydan çıxdı. Çox keçmədi ki, böyük bir sandıq gətirən iki nökərlə qayıdıb gəldi. Qardaşlar uzaqdan nökərlərin sandığı haradan gətirdiklərinə, necə gətirdiklərinə diqqətlə baxırdılar.

Padşah dedi:

- Hə, tapın görək bu sandığın içində nə var?

Böyük qardaş dedi:

- Bu sandığın içində balaca, girdə bir şey var.

- O, nardır, - deyə ortancıl qardaş əlavə etdi.

- Özü də hələ yaxşı yetişməyib, - deyə kiçik qardaş dilləndi.

Padşah əmr etdi:

- Sandığı buraya gətirin!

Sandığı gətirdilər. Padşah sandığı açıb içinə baxdı.

Sandıqda, doğrudan da, bir kal nar var idi. Padşah narı götürüb oradakılara göstərdi və üzünü dəvəsini itirən kişiyə tutub dedi:

- Yox, bu adamlar oğru deyillər! Onlar, doğrudan da, yaxşı bilicidirlər. Get, öz dəvəni başqa yerdə axtar!

Padşah cürbəcür yeməli şeylər gətirdib qardaşları qonaq elədi və sonra dedi:

- Sizin heç bir təqsiriniz yoxdur, hara istəsəniz, gedə bilərsiniz. Ancaq əvvəlcə deyin görüm, bu adamın dəvəsini itirməsini nədən bildiniz?

Böyük qardaş dedi:

- Yolun üstündə böyük izdən bildim ki, qabağımızca bir dəvə keçib, bu adamın da dəvəni axtardığını ona görə başa düşdüm ki, gözü dörd idi, o tərəf-bu tərəfə baxırdı.

Padşah ortancıl qardaşdan soruşdu:

- Sən nədən bildin ki, dəvənin sol gözü kordur?

- Mən ona görə bu qərara gəldim ki, yolun sağ tərəfindəki ot yeyilmiş, sol tərəfindəki ota dəyilməmişdi.

Padşah soruşdu:

- Yaxşı, bu dəvənin üstündə, qucağında körpəsi olan qadının oturduğunu deyən hansınız idi?

Kiçik qardaş dedi:

- Onu mən demişəm. Mən gördüm ki, dəvə bir yerdə qumun üstünə çökmüş, dincəlmək üçün oturan adamın izi yerdə qalmışdı. Bu adamın oturuşuna görə mən bildim ki, bu, qadındır, oradakı kiçik izə görə də bildim ki, onun yanında uşaq varmış.

Padşah dedi:

- Bütün bunlar doğrudur! Bəs siz necə bildiniz ki, sandığın içində bircə dənə kal nar var?

- Sandığı iki nökər gətirirdi, - deyə böyük qardaş cavab verdi, - ancaq lap yüngül olduğu bilinirdi. Nökərlər sandığı yerə qoyanda mən eşitdim ki, sandığın bu başından o başına nə isə bir şey diyirləndi.

- Mən də fikirləşdim ki, bağdan gətirilən sandığın içində yumru bir şey varsa, bu ancaq nar ola bilər, - deyə ortancıl qardaş əlavə etdi.

- Doğrudur, - padşah dedi. Sonra üzünü kiçik qardaşa tutub soruşdu:

- Yaxşı, bəs sən haradan bildin ki, bu nar kaldır?

- İndi ilin elə bir fəslidir ki, nar hələ yetişməyib, yamyaşıldır.

Padşah bu üç qardaşın biliciliyinə və dərin ağlına heyran qalıb dedi:

- Sizin varınız-dövlətiniz yoxdursa da, ağıldan-kamaldan varlısınız!

Padşah qardaşlara şirin sözlər deməklə kifayətlənmədi, onlara qiymətli hədiyyələr də verdi.