Təbiət

Tukan quşu

Tukanı başqa quşlarla səhv salmaq mümkün deyil. Quşlar arasında ən böyük dimdik tukanındır. Bəs tukan harada yaşayır və belə böyük burun onun nəyinə lazımdır?  Tukanın məskəni Cənubi Amerikadır, Meksikadan başlamış Şimali Argentinaya qədər geniş ərzində məskunlaşıb. Libasında göy qurşağının bütün rəngləri olduğu üçün dünyanın ən yaraşıqlı quşu adına namizəd ola bilər. Tukanın səmavi mavi gözləri heç kəsi biganə qoymur.
 
Bu quşlar vaxtilə Cənubi Amerikanın yerli sakinlərini də ovsunlayıb. Hindilər tukanı Kiliçu-Pito, yaxud Kokaço deyə çağırırmışlar. Onlar bu quşları müqəddəs sayır və inanırmışlar ki, onların gözləri canlı aləm ilə ruhlar aləmi arasında sirli portaldır. Tukan ala-bəzəkliyi sayəsində bar verən və çiçəkləyən bitkilər arasında yaxşıca gizlənə bilir. Yalnız səsi onu ələ verir. Tukanın kobud səslə ucadan çığırtısı uzaqdan eşidilir. Bəziləri onun səsini küçüyün vəngildəməsinə, qurbağının quruldamasına bənzədirlər. Bəzən bu quş adını özü deyir. Tukan növlərindən biri elə israrla “Çoko” qışqırırmış ki, adamlar onu elə belə də çağırmağa başlayıblar. Başqa bir tukanın çığırtısında açıq-aydın “Tokano” eşidilirmiş. Beləcə, “tukan” adı təkcə bir növə deyil, həmin fəsilədən olan bütün quşlara şamil edilib.
 
Tukanın dimdiyi onun bədəninin uzunluğunun üçdəbir hissəsinə bərabərdir. Amma bu yekəliyində burnu daşımaq quş üçün elə də çətin deyil. Dimdiyi zahirən iri olsa da, əslində, yüngüldür, çünki saçlarımızın və dırnaqlarımızın əsasını təşkil edən keratin deyilən maddədən ibarətdir. Üstəlik, tukanın dimdiyinin içində xüsusi hava kameraları var. Buna görə də onun dimdiyi həm möhkəm, həm də yüngüldür. Tukan dimdiyi ilə özünə yem axtarır. Dimdiyindəki dişəklər meyvələri yarmağa kömək edir. Bundan əlavə, tukan dimdiyi ilə başqa quşların yumurtalarını sındırır, həşərat və kərtənkələləri ovlayır. Qalan hallarda dimdiyi ona daha çox gözəllik bəxş edir, hərçənd bu cür “bəzəyin” müəyyən faydası da var. Belə “qüdrətli” silahın aldadıcı olduğunu başa düşməyən yırtıcı heyvanlar onun sahibindən uzaq gəzməyə çalışır, ona ilişmir. Amma cəsarəti qorxusuna üstün gələnlər dərhal başa düşür ki, yekəpər dimdik iti dişlər və caynaqlarla müqayisədə tamamilə gücsüzdür. Yaxşı ki, cəngəlliklərdə belə cəsarətli ovçuların sayı o qədər də çox deyil, yoxsa tukanın nəsli çoxdan kəsilərdi. 
 
Tukan özünə yuva qurmur, hazır yuvaya köçür. Bu məqsədlə ağaclarda təbii, yaxud əvvəlki sahiblərinin qoyub getdiyi oyuqlar axtarır. Tukan ildə bir dəfə nəsil artırır. Ömür-gün yoldaşını bir dəfə seçir. Tukan cütlüyü yumurtaların üstündə növbə ilə oturur. Körpə tukanlar yumurtadan çıxanda kor, zəif və lüt-ətcəbala olur. Bala tukanlar ətə-cana dolana qədər -  iki müddətində valideynləri ilə birlikdə ağacın oyuğunda yaşayır. Tukan fərasətli və sadəlövh quşdur. Ekzotik quşları sevənlər onları asanlıqla əhliləşdirir.  Bu səbəbdən tukanları getdikcə daha çox ev quşları kimi saxlayırlar. Qəfəsdə saxlanılan tukan şıltaq deyil, sahibi nə verirsə, onu da (toxum, ot, çörək, sıyıq, meyvə-tərəvəz, balıq və hətta ət) yeyir.  Təəssüf ki, Cənubi Amerika sakinləri tukanın ala-bəzək lələklərini təkcə canlı deyil, həm də bəzək şəklində görmək istəyirlər. Bəzək əşyalarını tukanın döşündəki narıncı tüklərdən hazırlayırlar. Bu quşun əti də çox dadlıdır və Latın Amerikası mətbəxində geniş istifadə olunur. 
 
Bu maraqlıdır: Tukanın dimdiyi kondisioner kimi işləyir. İsti havada çox qızır, amma lazımsız istini havaya buraxır. Buna görə də tukan bədəninin bərk qızmasından əziyyət çəkmir.  Soyuq havada isə dimdiyinə qan axmasını dayandırır. Buna görə də istilik dimdiyə keçmir və bədəndə qalır. 
 
Tukan uçmağı sevmir. Ona böyük dimdiyi və yöndəmsiz bədəni mane olur. Uçmaq üçün ağacın lap təpəsinə çıxır, lazımi istiqaməti seçir və havaya qalxır. Havada dövrə vurandan sonra yavaş-yavaş enməyə başlayır.