Nağıllar, hekayələr

Top gülləsinin qəlpəsi

Vaqif yayda babası ilə Krıma getmişdi. Bir gün onlar piyada gəzirdilər. Vaqif meşənin kənarında paslanmış dəmir parçaları görüb, babasından soruşdu:


- Baba, bu köhnəlmiş dəmirləri nə üçün götürüb atmırlar?


Babası dedi:


- Bala, bu adicə dəmir parçası deyil, top gülləsinin qəlpələridir. Bax bu meşədə döyüşlər gedirdi. Faşistlərlə vuruşda bizim çoxlu əsgərlərimiz həlak oldu. Mən də sinəmdən yaralandım. Bəlkə də məni yaralayan elə top gülləsinin bu qəlpəsidir. İndi buranı açıq səma altında muzey kimi saxlayırlar. Ona görə də bu paslanmış dəmir parçalarını yığıb atmırlar.


- Babacan, yenə müharibə olacaq?


- Bala, biz müharibə istəmirik. Çalışırıq ki, həmişə müharibə yox, sülh olsun.