Təbiət

Amur pələngi

Amur pələngi (Ussuri, Uzaq Şərq , yaxud Sibir pələngi) ən azsaylı pələng yarımnövlərindən biridir. Amur pələngi pişikkimilər fəsiləsinin ən iri nümayəndəsi olmaqla bərabər, həm də qarlı ərazidə yaşayan yeganə nümayəndəsidir. 
 
Yaşlı erkək pələngin bədəninin uzunluğu  2,7-3,8 metrə, çəkisi 170-300 kiloqrama çatır. 
 
Amur pələnginin dərisi qara zolaqlı, kürən rəngli qalın, uzun və xovlu xəzlə örtülüb, qara zolaqlarının sayı isə 100-ə çatır. Hesab edilir ki, bu zolaqların şəkli fərdidir və bir pələngin zolaqları heç vaxt digərində təkrar olunmur. 
 
Amur pələnglərinə daha çox  Primorye diyarının dağətəyi bölgələrində, Rusiyanın cənub-şərqində,  Xabarovsk diyarı ərazisindəki  Amur  və Ussuri çayları sahillərində yayılıb. Amur pələnginin təqribən 10 faizi Çinin şimal-şərqində yaşayır. 
 
Pişikkimilərin çoxu kimi, Amur pələngi də tənha həyat tərzi keçirir. O, müəyyən ərazidə yaşayır, bu ərazinin hüdudları çərçivəsində ov edir və çoxalır. Ova axsam və səhər saatlarında təkbaşına çıxır. 
 
Amur pələngi əsasən qaban, cüyür, sığın, porsuq və xallı maralla qidalanır, balıq tutmağı da bacarır. Dağ çaylarının pillələrində kürütökmə zamanı balıq tutur. Pələng bir oturuma 30 kiloqrama qədər ət yeyə bilər, halbuki gündəlik norması 9-10 kiloqramdır. 
 
Rusiyanın Uşaq Şərq regionu ərazisində Amur pələngi qoruqlarda və milli parklarda mühafizə olunur. XIX əsrin ortalarında pələnglərin populyasiyası çox böyük olub. Artıq həmin əsrin sonlarında hər il 100-ə qədər pələng öldürülürmüş. Buna görə də  XX əsrin 30-cu illərinə doğru nəsli kəsilməyə başlayıb, təbiətdə cəmi 30-40 fərd qalıb. 
 
Amur pələnginin müdafiəsi üzrə xüsusi beynəlxalq proqram sayəsində hazırda Rusiyanın Uzaq Şərqində təqribən 523-540 Amur pələngi yaşayır.  Təbiətdə bu heyvanın ömrü təxminən 15 il,  qoruqlarda isə 20 ildən çoxdur. 
 
Onun adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na və Rusiya Federasiyasının “Qırmızı Kitabı”na daxil edilib.