Görkəmli şəxsiyyətlər

Vilhelm Hauf

Alman yazıçısı və novellaçı Vilhelm Hauf 1802-ci il noyabrın 29-da Ştutqart şəhərində anadan olub.
 
 
Vilhelmin yeddi yaşı olarkən atası vəfat edib və anası uşaqlarını götürüb Tyubingen universitet şəhərciyində məskunlaşıb. V.Haufun gənclik illəri ana babasının evində keçib. Burada o, babasının böyük və zəngin kitabxanasındakı kitabları mütaliə edib. 1818-ci ildə o, monastr məktəbinə göndərilib. İki ildən sonra gənc Vilhelm Tyubingen universitetinə daxil olub. Universitetin fəlsəfə və ilahiyyat doktoru dərəcəsi ilə bitirərək o vaxtkı müdafiə naziri baron fon Högelin ailəsinə repetitor işinə daxil olub və onun uşaqlarına dərs deyib. Bu ailə ilə birlikdə Fransaya səfər edən Hauf Almaniyanın mərkəz və şimal hissələrini də gəzib.
 
 
Hauf məhz baron fon Högelin uşaqları üçün sehrli nağılları qələmə alıb və bu nağıllar kübar ailələrin oğulları və qızları üçün 1826-cı ilin yanvar almanaxında dərc olunub. Burada “Balaca Mukl”, “Xəlifə Hacıleylək” kimi əsərləri vardı. Bu əsərlər çap olunduqdan dərhal sonra almandilli ərazilərdə böyük populyarlıq qazanıb. 1826-cı ildə “Şeytanın xatirələrinin vərəqləri” romanın birinci hissəsi və “Aydan gələn adam” romanını yazıb. Valter Skotun romanlarından ilham alan Hauf “Lixtenşteyn” romanını qələmə alıb. Bu roman Almaniyada böyük şöhrət qazanıb. V.Hauf “Karvan”, “Kabus gəmi haqqında əhvalat”, “Fatimənin xilası”, “Saxta Şahzadə haqqında əhvalat”, “İskəndəriyyə şeyxi və onun əsirləri”, “Əl Mənsurun əhvalatı” və s. nağılları və digər əsərləri onun adını dünya ədəbiyyatı tarixinə həmişəlik yazıb. 
 
 
V.Hauf 1827-ci il noyabrın 18-də qarın yatalığından vəfat edib.