Təbiət

Lama dəvənin qohumudur

Təkcə insanların deyil, heyvanların da uzaq qohumu olur. Məsələn, Cənubi Amerikada dəvələrin kiçik qardaşları yaşayır. Onları lama adlandırırlar. Bəs bu şirin və yaraşıqlı heyvanın donqar səhra gəmisi ilə nə əlaqəsi var? 
 
Okeanın o biri tayında dağlarda
 
Lap qədimlərdən Cənubi Amerikada dəvəkimilər fəsiləsinin 4 növü yaşayır. Bunlar lama, alpaka, quanako və vikunyadır. Özü də lama və alpakanı hələ inklərin vaxtında Peruda əhliləşdiriblər. Çilidə, Atakama səhrasının qayalıqlarında da yük lamalarının qədim təsvirləri aşkar edilib. Alimlərin fikrincə, bu rəsmlərin ən azı 5 min il yaşı var. Ehtimala görə, qayaüstü rəsmləri sahilboyu ilə dağlar arasında yerləşən ticarət yolu ilə hərəkət edən hindilər çəkiblər. 
 
Alimlər müəyyən ediblər ki, əhliləşdirilmiş lamanın əcdadı quanakodur. And dağlarında dəniz səviyyəsindən 4000-5000 metr yüksəklikdə hələ də bu vəhşi heyvanların kiçik sürülərinə təsadüf olunur. Maraqlıdır ki, quanko “ayaqyolundan” istifadə edir. O, öz tualetini otlaqlardan və istirahət yerlərindən uzaqda düzəldir, bu yolla peyin qoxusu ilə sürünü axtarıb tapan yırtıcı heyvanları və ovçuları yayındırır. Bu cür ehtiyat tədbiri heç də lüzumsuz deyil. Axı hətta qədim inklər bu heyvanların ətini yüksək qiymətləndirib, onları tez-tez ovlayıblar.
 
Amma hindilər vikunyaları heç vaxt öldürməyiblər. Onları bu heyvanların son dərəcə keyfiyyətli yunu maraqlandırıb. Vikunyanın yunu çox zərif və yumşaqdır. Ondan parça toxuyur, yüksək mənsəb sahibləri üçün geyim hazırlayıblar. İnklər ürkək vikunyaları qayalara, yaxud kəndirdən hörülmüş hasarlara qısnayır, yununu qırxır, sonra azadlığa buraxırmışlar.  
 
 
Lamaları məyus etməyin!
 
Qədd-qamətli lama dəvəkimilər fəsiləsinə aid olsa da, daha çox buynuzsuz maralı xatırladır. Lamanın yunu ağ rəngdən tutmuş qonuru-qara rəngə qədər müxtəlif rənglərdə olur, amma vikunya və alpakanın yunu qədər qiymətli deyil. Buna görə də insanlar lap qədimlərdən yalnız yöndəmsiz dağ cığırları ilə ağır yük daşımaq üçün lama yetişdiriblər. Yolsuz və nəqliyyatsız dağlıq yerlərdə lamalar əvəzedilməzdir. Doğrudur, təcrübəli heyvandarlar yalnız erkək lamaları yükləyirlər. Dişi lamaları heç vaxt yükləmir və sağmırlar. Onları nəsilvermə üçün saxlayırlar. İşlək erkək lama dişinin də əvəzinə çalışır, amma qüvvəsini dəqiq hesablayır. Buna görə də çarvadarlar bu heyvanları lap çox yükləmirlər, çünki bunun mənasız olduğunu başa düşürlər. Onsuz da ağıllı lama özünü əbəs yerə yorub çox ağır tayı daşımayacaq, onu yerindən tərpətmək mümkün olmayacaq. Onu məcbur etməyin və ya cəzalandırmağın da heç bir mənası yoxdur. Lama sadəcə hirslənəcək, hayxırıb fərsiz çarvadarın üzünə tüpürəcək. 
 
Lamadan kamayadək
 
Lamalar 3 yaşında yetkinləşir. Bu yaşda dişi lama artıq nəsil verə bilir. Onun hamiləliyi 10-11 ay çəkir. Ana lama körpəsinə dörd ay süd verir. Maraqlıdır ki, lama, quanako, alpaka və vikunyaları cütləşdirib hibrid nəsil almaq mümkündür. Lama və alpakanın cütləşməsindən xuarizo doğulur. Lama və quanakonun körpələrini karolin adlandırırlar. Vikunya ilə alpakanın nəsli pako-vikunya adlanır. Üstəlik, alimlər dişi lama ilə birhürgüclü dəvəni cütləşdirərək, onların balasını kama adlandırıblar. 
 
Dəvələrin amerikalı “qohumları” zahiri görünüşünə görə asiyalı həmcinslərindən seçilir. Onların hürgücü (donqarı) yoxdur, ölçüsü də kiçikdir. Onlar səhrada deyil, uca dağlarda yaşayır. Amma onları donqar həmcinsləri ilə isti yun, döyənəkli pəncə, üst dişlər, gövşəmək və tüpürmək kimi xüsusiyyətlər birləşdirir. 
 
Inklər lamalardan təsərrüfatda istifadə etməklə bərabər, onları allahlara qurban veriblər. Günəş allahına ağappaq lama balası ərməğan edir, rəngi tufanlı səmaya bənzər ala lamanı isə ildırım allahı üçün qurbanlıq seçirmişlər.
 
Dəvələrdən fərqli olaraq, lama nadir hallarda tüpürür. Bu yolla o, daha çox yeməyinə göz dikən başqa lamalara etirazını bildirir.