Bu maraqlıdır!

Yuxu

İnsan öz həyatının 1/3 hissəsini yuxuda keçirir. Yuxu insana qida və su kimi zəruridir. Əgər insan 3 sutka ərzində yatmırsa, onun diqqəti, yaddaşı pozulur, emosiyaları kütləşir, əmək qabiliyyəti aşağı düşür. Bəzi hallarda onda müxtəlif qarabasmalar da baş verir.

Yuxu insanın dövri olaraq baş verən funksional vəziyyətidir. Bu zaman onun məqsədyönlü fəaliyyəti və ətraf mühitlə aktiv əlaqəsi olmur. Yuxu zamanı beyinin aktivliyi azalmır, lakin beyin öz işini yenidən qurur.


İnsanda yuxu normal fizioloji prosesdir. Onun müddəti insanın fizioloji vəziyyətindən və yaşından asılı olaraq dəyişir.


Yuxu fazaları. Ortayaşlı adamlarda 7–8 saatlıq yuxu 4–5 tsikldən ibarət olur. Hər tsikli 2 fazaya – ləng və tez yuxu fazalarına ayırırlar.


Ləng yuxu fazası insan yatarkən başlayır və 1–1,5 saat davam edir. Bu zaman maddələr mübadiləsinin intensivliyi azalır, əzələlər boşalır, ürək, tənəffüs və həzm orqanlarının fəaliyyəti zəifləyir, temperatur aşağı düşür.

 

Tez yuxu fazası ləng yuxudan sonra başlayır və 10–15 dəqiqə davam edir. Bu zaman daxili orqanların aktivliyi güclənir, nəbz vurğusu, tənəffüs hərəkətləri artır, bədən temperaturu yüksəlir, gözü hərəkət etdirən əzələlər, mimiki və ayrı-ayrı əzələlər yığılır. Səhərə yaxın tez yuxunun müddəti artaraq 20–30 dəqiqəyə çatır. Tez yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizmin funksiyalarının fəallaşmasına səbəb olur.


Yuxunun fizioloji təbiəti. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, ayıqlıq və yuxuda ikən hərəkətlərin tormozlanmasına cavabdehdir. Məsələn, ayıq halda olan pişiyin yuxuya cavabdeh olan mərkəzini qıcıqlandırdıqda o büzüşərək yatır. Ayıqlığa cavabdeh hüceyrələri qıcıqlandırdıqda isə pişik oyanır və qulaqlarını şəkləyir. Yuxuda ikən hərəkətlərin tormozlanması mərkəzinin hüceyrələri dağıdıldıqda onlar gördükləri yuxunun hərəkətlərini təkrar edir.


Yuxugörmə. Yuxugörmə zamanı görmə sistemində əmələ gələn oyanma beyin qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti artır. Nadir hallarda yuxular eşitmə, qoxu və başqa duyğularla əlaqədar olur. İnsan həm tez, həm də ləng yuxu fazalarında yuxular görür. Tez yuxu fazasında görülən yuxular, adətən, əfsanəvi yuxular olur. Ləng yuxu fazasında görülən yuxular isə real həyata yaxın və az emosional olması ilə fərqlənir. Müəyyən olunmuşdur ki, yuxugörmənin xarakteri adamın keçirdiyi hislərdən və gün ərzində baş vermiş hadisələrdən asılıdır.


Yuxunu pozan amillər. Parlaq işıq, səs-küy, müxtəlif qoxular, daxili orqanlardan gələn siqnallar (mədənin ac olması və ya sidik kisəsinin dolu olması kimi səbəblər) yuxuya mane olan əsas səbəblərdir. Az hərəkət etmək, gün ərzində yorulmamaq da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amil müasir həyatda informasiya vasitələrindən çoxlu məlumatların alınmasıdır.


Yuxunun gigiyenası. Sağlamlığının və iş qabiliyyətinin saxlanılması üçün insan yuxunun müddəti və şərtlərinə qoyulan gigiyenik tələblərə əməl etməlidir. Yemək ən azı yatmazdan iki saat qabaq yeyilməlidir. Ağır fiziki və zehni işlər gecəyə saxlanılmamalıdır. Yatmazdan qabaq açıq havada olmaq, ilıq vanna qəbul etmək, ən əsası isə çox yeməmək məsləhət görülür.