Bu maraqlıdır!

Madam Tüsso muzeyi

Ekspozisiyalarının əsas hissəsinin Böyük Britaniyanın paytaxtında yerləşən Londondakı Madam Tüsso muzeyi (fr: Madame Tussauds) dünyanın ən böyük və məşhur mum heykəllər muzeyidir. Hazırda London muzeyində müxtəlif dövrlərə aid mindən çox mum eksponat nümayiş olunur.
 
Muzey Vaşinqton, Nyu-York, Los-Anceles, Las-Veqas, Amsterdam, Kopenhagen, Şanxay, Honkonq, Berlin və Vyana kimi şəhərlərdə öz filiallarını açıb.
 
Mariya Tüsso 1761-ci ildə Strasburqda anadan olub. Onun anası mum heykəllərin hazırlanması ilə məşğul olan doktor Fillip Körtisin evində təsərrüfat işlərinə baxırdı. Günlərin birində qızcığaz təsadüfən Fillip Körtisin emalatxanasına daxil olur və doktor Mariyanın gözlərində bu sənətə aşkar, ən əsası da təbii maraq görür. Bundan sonra Fillip gənc Tüssoya mum sənətinin incəliklərini öyrətməyə başlayır.
 
Bacarıqlı şagird ustalığına görə tez bir zamanda müəllimini geridə qoyur. Artıq 18 yaşında Mariya şahzadə Yelizavetaya da bu sənəti öyrətməyə başlayır.
 
1777-ci ildə Mariya Tüsso özünün ilk mum modelini, sonra isə Franklin, Benjamin, Jan-Jak Russonun fiqurlarını düzəldir. 1794-cü ildə müəlliminin qəfil ölümündən sonra kolleksiya Mariya Tüssoya qalır.
 
1802-ci ildə Mariya Londona köçür. Tüsso öz ekspozisiyaları ilə birgə İrlandiya və Böyük Britaniyaya səyahətə çıxır. 1835-ci ildə London hökuməti şəhərin “Baker Street” küçəsində Madam Tüsso muzeyinin ilk və əsas daimi sərgisini təsdiq edir. Muzey tez bir zamanda uğur qazanır: mum fiqurlara tamaşa etmək üçün böyük növbələr yaranır.
 
Londondakı Madam Tüsso muzeyi təkcə tarixi və məşhur şəxslərin fiqurlarından təşkil olunmayıb. Hazırda muzey dünyada baş verən bütün hadisələri əks etdirir. Mumdan bir çox məşhur aktyorun, musiqiçinin, alimin, siyasətçinin, müğənninin və ictimai xadimin heykəlləri hazırlanıb.
 
Madam Tüsso muzeyinin xüsusi hissəsi Qorxu otağıdır. Bu otaq öz adını tamamilə doğrudur və güclü təəssürat yarada bilir. Buna görə də bura ürək xəstələri, hamilə qadınlar və kiçik uşaqlar buraxılmır.
 
Həyəcanlı tutqun işıqla aydınlanan Qorxu otağına daxil olan cəsarətli insanlar İngiltərə tarixinin qaranlıq səhifələrini görə bilirlər. Burada İngiltərənin ən məşhur oğruları, qatilləri və xainlərinin mum heykəlləri toplanıb. XIX əsrdə London küçələrində qurbanını axtaran və heç vaxt ələ keçməyən tanınmış qatil “Jack the Ripper” qəlbləri donduran qorxuya səbəb olur.
 
Orta əsrlərin edam və işgəncə səhnələri, eyni zamanda həm cəlbedici, həm də nifrətəlayiqdir. Onların həqiqətə bənzərliyi tamaşaçıları qeyri-ixtiyari olaraq tilsimləyir. Qorxu otağında Böyük Fransa İnqilabı zamanı birbaşa təyinatı üzrə istifadə olunan bir cüt gilyotin də var.
 
Madam Tüsso muzeyi üzrə ekskursiyanın sonunda təqdim olunan “Londonun ab-havası” attraksionunu da qeyd etmək lazımdır. Bu, orta əsrlər Londonuna cəlbedici səyahətdir! Ziyarətçilər miniatür London taksisinin kabinəsinə əyləşərək keçmişin canlandığı zallara yola düşür. Personajlar yanlarından keçən qonaqları salamlayır, onlara əl edir, əsgərlər hərbi salam verir.
 
Madam Tüssonun ölümündən sonra da muzeyin kolleksiyası daim genişlənir. Bu gün bir fiquru düzəltmək üçün təxminən 4 ay vaxt lazımdır. Muzey üçün eksponatlar 20 heykəltəraşdan ibarət komanda tərəfindən hazırlanır. Fiqurlar üçün yalnız təbii saçlardan istifadə olunur, çoxlaylı boyalar vasitəsi ilə dərinin təbii rəngi alınır. Eksponatlar daha təbii görünsün deyə onların hazırlanmasında ayaq və gözləri imitasiya edən xüsusi plastiklər, həmçinin süni dərilər tətbiq edilir. Bundan başqa, mum heykəlin aid olduğu dövrün abı-havasını yaratmaq üçün həmin zamanlara aid kostyumlardan, dekorasiyadan və səs effektlərindən istifadə olunur.
 
Filiallarının bir çox şəhərdə yerləşməsinə baxmayaraq ən böyük kolleksiyası olan əsas muzey indiyə qədər də Londonda yerləşir. İnsanlar heykəlləri – Böyük Britaniyanın unikal tarixi abidələrini qiymətləndirmək üçün dünyanın hər yerindən Londona gəlirlər.