Xəbərlər

Mənim ana dilim - mənim kimliyim

Mənim ana dilim-mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim.
Məni həm babamla, həm də nəvəmlə
Bağlayıb uzanan tarix bağımsan.
Dünənim, sabahım, üstəlik hələ
Mənim söz hünərim, söz bayrağımsan.

 


B.Vahabzadə

 

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Hər bir xalq özünü bəşəriyyətə dərin köklərə, qədim ənənələrə  malik olan ana dili ilə təqdim edir. Ana dili  xalqın  milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir.


Ana dilimiz, müqəddəs varlığımız hesab etdiyimiz doğma Azərbaycan dilimiz ulu Vətənimiz kimi tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, başı  minbir bəlalar çəksə də, özünəməxsusluğunu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürülərək yaşamışdır.  Tarixin  sərt sınaqlarından  mətanətlə çıxan  ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.  


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının qorunması üçün çox böyük  işlər görüb. Xalqımızın böyük oğlu deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.


2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.  Onun  2001-ci il  avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.  


Əziz uşaqlar, dilimizin qorunmasında, inkişaf etdirilməsində sizin də  üzərinizə vacib vəzifələr düşür. Fəxr etməlisiniz ki, bu gün  danışdığınız  Azərbaycan dili dünyanın ən şirin, ən mükəmməl, ən zəngin dillərindən biridir.  Onun bu şirinliyini, saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq,  keşiyində ayıq-sayıq dayanmaq hər bir azərbaycanlının  müqəddəs borcudur. Bu borcdan hamımıza- mənə, sənə, dostlarına, sinif yoldaşlarına da pay düşür. Dilimizi qoruyun,  ana dilinə övlad sevgisi ilə yanaşın.