Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Aysu və balaca balıqlar

Aysu yenə deyir ki, nağıl danış.


– Nə qədər nağıl olar, ay Aysu?


– Çoxlu!


– Axı, gecədi...


– Nə olsun!


– Yatmaq lazımdı.


– Sən istəyirsən ki, mən yatım?


– Əlbəttə!


– Onda bir dənə də nağıl danış.


Aysu belə Aysudu.


– Yaxşı... Biri var idi, biri yox idi, bir Yaşıl Ördək var idi. Bu Ördək çayın qırağında bir meşəlikdə özünə yuva qurmuşdu. Yaşıl Ördək tək yaşayırdı. Bütün quşların, bütün heyvanların balaları var idi. Yaşıl Ördək istəyirdi ki, onun da balaları olsun, o da yuvada tək yaşamasın. Hər şey Yaşıl Ördəyin istədiyi kimi oldu. Yaşıl Ördək iki yumurta yumurtladı, gecə-gündüz yumurtaların üstündə yatdı, öz istiliyini yumurtalara verib, onları qızdırdı ki, balaları yumurtadan çıxıb o gözəl meşəni, o gözəl çayı görsünlər, göyü görsünlər, böyüsünlər və Yaşıl Ördək kimi, onlar da göydə uça bilsinlər. Günlərin bir günündə Yaşıl Ördək hiss etdi ki, balaları cıqqılı dimdikləriylə yumurtanın qabığını taqqıldadırlar, elə bil deyirlər ki, açın qapını, biz gəlirik!.. Yaşıl Ördək yumurtanın qabığını sındırıb çıxmaqda balalarına kömək elədi. O balaca, o gülməli balalar beləcə dünyaya gəldilər. Yaşıl Ördək elə sevinirdi ki, heç vaxt belə sevinməmişdi, çünki heç vaxt balası olmamışdı. Sən demə, quşlar, heyvanlar, ancaq balaları olanda belə sevinə bilirlər...


Aysu soruşur:


– Bəs, adamlar?


Mən deyirəm:


– Əlbəttə, adamlar da! Hə, Yaşıl Ördək çox sevinirdi. Cıqqılı ördək balaları kibrit çöpü kimi nazik qılçalarının üstündə güclə dayana-dayana, hələ tüklənməmiş ətcə qanadlarını tərpədə-tərpədə, balaca gözlərinin qapağını güclə aça-aça Yaşıl Ördəyə baxırdılar, civildəyə-civildəyə analarından yem istəyirdilər. Yaşıl Ördək iri və güclü qanadlarını yelləyə-yelləyə havaya qalxırdı, çaya enib suya baş vururdu, lap cıqqılı bir balığı dimdiyinə alırdı, uçub yuvasına qayıdırdı, balalar civildəyə-civildəyə, ayaq üstə aşa-aşa dimdiklərini Yaşıl Ördəyin dimdiyinə uzadırdı, Yaşıl Ördək də dimdiyində çapalayan o cıqqılı balığı balalarından birinin ağzına qoyurdu, bala o cıqqılı balığı udandan sonra, Yaşıl Ördək təzədən havaya qalxıb çaya uçurdu, suya baş vurub təzədən balaca bir balığı dimdiyinə alırdı, yuvasına uçub o balaca balığı da o biri balasının ağzına basırdı və hər gün bu cürə neçə dəfə çayın suyuna baş vururdu, xırdaca balıqları tutub eləcə dimdiyində yuvaya gətirirdi, bala ördəkləri yedirdirdi. Bala ördəklər də o qədər acgözüydülər, doymaq bilmirdilər... Indi sənə kimdən deyim, nədən deyim, bir pis köstəbəkdən. Bu pis köstəbək də çayın qırağındakı o meşəlikdə yaşayırdı. Xəlvətcə-xəlvətcə ora gedirdi, bura gedirdi ki, görsün yeməyə nə tapır. Beləcə, o pis köstəbək gəlib çıxdı Yaşıl Ördəyin yuvasının yaxınlığına. Ördək balalarını görəndə ağzının suyu axdı. Gizlənib pusmağa başladı ki, balalar yuvada tək olanda tez gedib onları yesin. Yaşıl Ördəyin də bu pis köstəbəkdən xəbəri yox idi. Balaları ağızlarını açıb civildəyə-civildəyə yemək istəyəndə qanadlarını açıb çaya uçdu, suya baş vurdu. Pis köstəbək də elə bunu gözləyirdi, tez qaça-qaça yuvaya gəldi, o ördək balalarından birini dişinə alıb tələsə-tələsə yedi ki, anaları uçub gələnəcən o birini də yesin.


– Pis ördək!


– Pis ördək niyə? Pis köstəbək demək istəyirsən?


Kövrəlib gözləri dolmuş Aysu, az qala, ağlaya-ağlaya:


– Yox! Pis ördək! Köstəbək də pisdi, Yaşıl Ördək də! – dedi.


– Niyə?


– Yaşıl Ördək pisdi! Çünki Yaşıl Ördək niyə gedib balaca balıqları tutub gətirirdi? Bəs, onların anası yoxdu? O getdi balaca balıqları tutdu, onları yedilər, ona görə də pis köstəbək onun öz balasını yedi!.. Bəs, ördəyin ikinci balası necə oldu?


Pis köstəbək onu da yedi?


– Yox, yox... Macal tapmadı. Yaşıl ördək uçub gəldi, pis köstəbəyi qovdu!


– Yaşıl Ördək yenə o balasına balaca balıqlar tutub gətirdi?


– Yox... Yaşıl Ördək başa düşmüşdü ki, o da pis iş görür.


Bundan sonra balasını meyvələrlə, otla, yarpaqla yedirdirdi.


Aysu bir az sakitləşdi, sonra yavaş-yavaş yuxuya getdi.