Bu maraqlıdır!

Daimi mühərrik

“Perpetuum mobile” söz birləşməsi latıncadan tərcümədə “daim mütəhərrik” deməkdir, amma tez-tez “daimi hərəkət” və ya “daimi mühərrik” kimi tərcümə olunur. 
 
Daimi mühərrik elə bir xəyali maşındır ki, işə salınanda kənardan enerji almadan uzun müddət fasiləsiz işləyir. Belə bir maşının qeyri-məhdud müddət işləmək imkanı heç nədən enerji əldə etmək demək idi. 
 
Daimi mühərrik ideyası XIII əsrdə Avropada yaranıb, halbuki bəzi məlumatlara görə, birinci daimi mühərrik layihəsini XII əsrdə hindli Bhaskara təklif edib. Həmin dövrə qədər daimi mühərriklə bağlı layihələr məlum deyil. Çoxsaylı səmərəli mexanizmlər işləyib hazırlamış və təbiətin öyrənilməsi üçün elmi yanaşmaların əsaslarını yaratmış yunanlarda və romalılarda da belə layihələrə təsadüf edilmir. Alimlərin fikrincə, kölə kimi ucuz və daimi işçi qüvvəsi antik dövrdə ucuz enerji mənbələrinin işlənib hazırlanması prosesinin qarşısını alıb. 
 
Alimlər kənardan enerji almadan işləyə bilən qeyri-adi mühərrik xəyalında idilər. Onların uğur qazana bilməməsinin səbəbi bu idi ki, “daimi mühərrik” ideyası təbiətin əsas qanunlarından birinə - enerjinin saxlanması qanununa zidd idi.
 
İnsanlar “daimi mühərriklərin” ağlabatan sadə və mürəkkəb konstruksiyalarını düşünürdülər. Amma hər dəfə müəllifin nəzərə almadığı proseslər üzə çıxır və ideyanı həyata keçirməyə qoymurdu.
 
Daimi mühərrik texnologiyası bütün zəmanələrdə insanları cəlb edib. Bu gün bu ideya elmə zidd qeyri-mümkün ideya sayılır, amma insanlar fizika qanunlarını pozmaq və çevriliş etmək ümidi ilə cürbəcür əcaib mexanizmlər yaratmaq fikrindən daşına bilmirlər. 
 
XII-XIII əsrlərdə səlib yürüşləri başlayır və Avropa cəmiyyəti hərəkətə gəlir. Sənətlər sürətlə inkişaf etməyə başlayır, mexanizmləri hərəkətə gətirən maşınlar təkmilləşdirilir. Bunlar əsasən su çarxları və heyvanların – məsələn, dövrə vuran at, qatır və öküzlərin hərəkətə gətirdiyi çarxlar idi. Daha ucuz enerji ilə hərəkətə gələn səmərəli maşın yaratmaq ideyası belə yaranıb. Enerji heç nədən alınırsa, onun heç bir dəyəri də olmur, çünki havayıdır.
 
XVI-XVII əsrlərdə daimi mühərrik ideyası daha populyar olub. Daimi mühərrik layihələrinin məlum sayı mini ötüb. Təkcə bisavad sənətkarlar deyil, dövrünün bəzi adlı-sanlı alimləri də daimi mühərrik yaratmaq xülyasına düşüblər, çünki o vaxtlar belə qurğunun yaradılmasına prinsipial elmi qadağa olmayıb. 
 
Amma artıq XV-XVII əsrlərdə Leonardo da Vinçi, Cirolamo Kardano, Simon Stevin, Qalileo Qaliley kimi öncəgörən təbiətşünaslar belə bir prinsip formalaşdırıblar: “Daimi mühərrik yaratmaq mümkün deyil”.
 
Flamand riyaziyyatçısı, mexanik və mühəndis Simon Stevin bu prinsip əsasında maili müstəvidə tarazlıq qanununu yaradıb və bu da qüvvələrin üçbucaq qaydası üzrə toplanması qanununun (vektorların toplanması) kəşfinə gətirib çıxarıb. 
 
1775-ci ildə Paris Elmlər Akademiyası daimi mühərrik layihələrini nəzərdən keçirməmək barədə qərar qəbul edib.
 
ABŞ Patent İdarəsi artıq yüz ildən çoxdur “perpetuum mobile” layihələrinə patent vermir. “Perpetuum mobile” söz birləşməsi isə ”mənasız işlə məşğul olmaq, həlledilməz məsələ üzərində baş sındırmaq” mənasını verən zərb-məsələ çevrilib.