Uşaq yaradıcılığı

“Musiqi birbaşa ruha xitab edir və ruh da özünü ən gözəl şəkildə musiqinin köməyi ilə ifadə edir...”

Bu gün “Uşaq Bilik Portalı” sizin üçün daha bir istedadı- İsabala (İsa) Quliyevi təqdim edir.
 
Portalımızın “Uşaq yaradıcılığı”  rubrikasının qonağı İsanın 12 yaşı var. Neftçala şəhərində anadan olan və orada yaşayan qonağımız Neftçala şəhəri Samit İmanov adına 1 nömrəli məktəbin 7 “v” sinfində oxuyur.  
 
Ailənin ən kiçik övladı olan İsanı daha yaxından tanımaq və öyrəndiklərimizi rubrikamız vasitəsilə siz oxucularımızla bölüşmək istədik. Qonağımızı daha yaxından tanımağa İsanın özü ilə danışmaq kifayət etsə də, bu işdə bizə bacısı da çox kömək etdi.
 
İsanın nəyə marağı var, nəyi bacarır, gələcəklə bağlı nə kimi arzuları var? Bu və digər suallarımız söhbət əsnasında bir-bir öz cavabını tapdı.
 
Hər uşaq kimi İsanın da marağını çəkən, zövq aldığı məşğuliyyətləri var. Musiqini, şəkil çəkməyi, velosiped sürməyi, idmanla məşğul olmağı və futbol oynamağı çox sevdiyini deyən İ.Quliyev bu işləri gündəlik dərslərini axsatmadan etdiyini xüsusi vurğuladı.
 
Sadaladığımız məşğuliyyətlər arasında ən çox sevdiyi musiqidir. İsa artıq 2 ildir ki, “Neftçala rayon uşaq incəsənət məktəbi” nə gedir və orada müəllimi İlqar Həsənovun köməyi ilə tarın ifası ilə məşğul olur.
 
Tara, musiqiyə olan həvəsi sayəsində İsa tez bir zamanda “Sarı gəlin”,  “Xəyallara dalarkən”, “İlk bahar”, “Nəlbəki”, “Rast rəngi”, “Məktəblilərin nəğməsi”, “Tələbələr mahnısı” və.s musiqilərin tarda ifasını öyrənib. İsa musiqi məktəbində öyrəndikləri ilə yanaşı, evdə boş vaxt tapan kimi özü üçün yeni mahnılar öyrəndiyini də deyir.
 
Tarını yaz aylarında bağlarında gülün, çiçəyin, quşların arasında ifa etməyi xoşladığını deyən İsa alman şair və dramaturqu İohann Volfqanq fon Hötedən bəhrələnərək musiqinin birbaşa insanın ruhuna xitab etdiyini və bu fikri dəstəklədiyini söylədi.
 
Musiqidən, tardan saatlarla danışsa da heç yorulmadığını vurğulayan  İsa bizə biraz da digər məşğuliyyətlərindən söz açdı. Artıq bizə də məlumdur ki, ən sevdiyi sahə musiqidir, ancaq bununla yanaşı İsanın şəkil çəkməyə də marağı var. İsa rəngli karandaşlar, xüsusi tabaşirlərin köməyi ilə təbiət, gül-çiçək, mənzərə şəkilləri çəkməyə üstünlük verir.
 
Bundan başqa o, bir müddət güləşlə də məşğul olub. Söhbətin gedişində bizim üçün maraqlı olan daha bir sual ortaya çıxdı. Bəs, görəsən İsa hansı idmançıların, musiqiçilərin, rəssamların işlərini bəyənir? Özü üçün ideal saydığı biri varmı?
 
Cavabında o bizə tarzən Ramiz Quliyev və Şəhriyar İmanovun, azərbaycanlı sərbəst güləşçi Toğrul Əsgərovun fəaliyyətini bəyəndiyini, futbolçulardan isə “Barselona” komandasının oyunçusu Lionel Messinin azarkeşi olduğunu söylədi.
 
Sıra gəldi İsanın gələcəklə bağlı arzu və planlarına. Musiqiyə bu qədər marağı olduğunu nəzərə alaraq gələcəkdə bu sahə üzrə davam edəcəyini düşünsək də, İsa gələcəkdə tamam başqa ixtisasın sahibi olmaq istəyir. O, həkim olmaq arzusundadır, ancaq musiqinin də həyatında hər zaman öz xüsusi yerini qoruyacağını dedi. 
 
Beləcə daha bir söhbətin sonuna gəldik. Rubrikamızın digər qonaqları kimi İsa da portalımıza təşəkkürünü bildirdi və biz də AZƏRTAC-ın “Uşaq Bilik Portalı” adından İsaya işlərində uğurlar arzulayır, maraqlı söhbətə görə təşəkkür edirik.