Xəbərlər

Latviya Seymi vəhşi heyvanların sirkdə istifadə olunmasına qadağanı bəyənib

 
Riqa, 15 iyun, AZƏRTAC
 
Latviya Seymi sirk tamaşalarında vəhşi heyvanlardan istifadəni qadağan edən düzəlişi son oxunuşda təsdiq edib. 
 
2015-ci ildə ölkənin Ərzaq və Baytarlıq Xidməti sirk tamaşalarında vəhşi heyvanların çıxışını qadağan etmək təşəbbüsü ilə çıxış edib.  
 
Sirk tamaşalarında vəhşi heyvanlardan istifadə bir çox Avropa ölkələrində qadağan olunub. 
 
Latviya sirklərində vəhşi heyvanlar saxlanılmır: sirk tamaşalarında çıxış edən vəhşi heyvanlar başqa ölkələrin səyyar sirkləri tərəfindən gətirilir. 
 
Bundan əlavə, Seymə sirkdə heyvanlardan istifadəni dayandırmağı təklif edən “İnsani sirk” petisiyası təqdim edilib. Petisiya 26 min imza toplayıb.