Şeirlər

Alməmməd İsgəndərli. Məramı, məqsədi, QƏLƏBƏ, ZƏFƏR

Bir əsgər döyüşə gedir bu səhər,
Fikrində qisas var, döşündə təpər.
Döyüşdə hər zaman göstərib hünər,
Qayğılı görünür bu gün bir qədər.

Bir əsgər döyüşə gedir bu səhər.

 


O nələr düşünür, o nələr duyur?
Ayağın ehmalca götürüb qoyur.
Qonşu xəyanəti qəlbini oyur,
Dayanıb nəfəsin dərir bir qədər.

Bir əsgər döyüşə gedir bu səhər.

 


Bir kəsin xətrinə hələ dəyməmiş,
Bir gülün budağın hələ əyməmiş.
“Sevirəm” sözünü o söyləməmiş,
Bəlkə də sonuncu oldu bu səfər?!

Bir əsgər döyüşə gedir bu səhər.

 


Bir ana, bir Vətən var olsun gərək!
Düşmənə bu dünya dar olsun gərək!
Nankorlar, namərdlər xar olsun gərək!
Cəbhədən gəlibdir təzə bir xəbər,

Bir əsgər döyüşə gedir bu səhər.

 

Dağlara səs salır igid nərəsi,
Əyilməz, qırılmaz heç iradəsi.
Bir elin, obanın harayı, səsi,
Əlində silahı, ürəkdə təpər,
Bir əsgər döyüşə gedir bu səhər.

 


Vətənim olubdur düşmən tapdağı,
Dağıdır, talayır o, Qarabağı.
Eşitsin, qoy bilsin qaniçən yağı,
Məramı, məqsədi qələbə, zəfər,
Bir əsgər döyüşə gedir bu səhər.