Bu maraqlıdır!

İnsanlar suyun altında necə nəfəs alır?

İnsanlar qədim dövrlərdən bu yana heç bir qurğuya malik olmadan dəniz və okeanların dərinliyinə daxil olmağa çalışıb. Suya baş vurmanın uğuru yalnız ağciyərlərin gücündən asılı idi. Bu imkanlar hətta peşəkar dalğıclarda belə xeyli məhduddur.

 

Su havadan, demək olar ki, 800 dəfə ağırdır. Suya baş vurarkən insan əlavə təzyiqə məruz qalır və bu, dərinlikdən asılı olaraq tədricən artır.

 

Suyun döş qəfəsinə təzyiqi nəticəsində nəfəs almaq çətinləşir. Dənizin dərinliyini fəth edərkən insan nəfəsini saxlamaq bacarığını inkişaf etdirir.

 

Müasir peşəkar dalğıclar heç bir avadanlıq olmadan 80 metrə qədər dərinliyə enə və nəfəslərini 3 dəqiqəyə qədər saxlaya bilirlər.

 

Adi hava yalnız müəyyən təzyiqdə nəfəs almaq üçün yararlıdır. Dərinlikdə təzyiq dəyişdikcə havanın komponentləri də dəyişir və o, nəfəs almaq üçün yararsız hala gəlir.

 

Alimlər uzun müddət dərinlikdə təzyiqin dəyişməsi zamanı zərərsiz ola biləcək qaz qarışıqlarını tərtib etməklə məşğul olub. Bu qarışıqlar sayəsində insanlar 180 metrə qədər dərinliyə enə bilib.

 

Lakin dalğıclar Kesson xəstəliyinə məruz qalmamaq üçün çox asta şəkildə suyun üzərinə qalxmalıdırlar.

 

Məsələ ondadır ki, suyun üzərinə tez qalxan zaman təzyiq sürətlə dəyişir. Təzyiq sürətlə azaldıqda qanda və orqanizmin toxumalarında həll olmuş azot qabarcıqlar şəklində ayrılır. Nəticədə qazlı içkilərin qapağı açılan zaman müşahidə etdiyimiz köpüklənmə baş verir. Qaz qabarcıqları qan damarlarının yolunu bağlayır, normal qan dövranını pozur, hətta damarların deşilməsinə və qansızmaya gətirib çıxara bilir. Bu, Kesson xəstəliyidir. Ondan yayınmaq üçün suyun üzərinə qalxma prosesinə nəzarət etmək lazımdır – o, dəqiqədə 18 metrdən artıq olmamalıdır. Bu halda artıq qaz orqanizmə zərər vurmadan ağciyər vasitəsilə ifraz olunur. Bəzən bu proses bir neçə saata qədər uzana bilir: dərinlik nə qədər çox olsa, suyun üzünə bir o qədər gec qalxmaq tələb olunur.