Odlar Yurdu

Şuşa

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
 
Bu misralar məşhur xanəndə Xan Şuşinskinin ifa etdiyi mahnıdan götürülüb. Onilliklər keçəcək və təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş gözəllər gözəli Şuşanın başının üstünü həqiqətən dərd-ələm, göz yaşları dumanı alacaq.
 
Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Bu şəhərdə yerləşən yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb, məhv edilib.
 
Düşmən Meşəli, Kərkicahan, Malıbəyli, Quşçular kəndlərini, Xocalı qəsəbəsini viran qoyaraq, Şuşaya doğru irəliləyirdi. Amma Şuşanın süqut edəcəyinə heç kəs inanmırdı. Şuşanın işğalı günü Azərbaycan xalqının şüuruna endirilən böyük zərbə, hamımızın bağrını qan edən fəlakət, daim sızlayan yaradır.
 
Bu qədim və müqəddəs torpaq artıq üçüncü onillikdir erməni işğalçılarının tapdağı altındadır. Mədəni-maarif ocaqları, muzeylər, kitabxanalar, məktəblər, tibb ocaqları, tarixi abidələr – bütün bunlar erməni vandalları tərəfindən yerlə-yeksan edilib.
 
Şuşa muzeylərinin qiymətli eksponatları, o cümlədən rəsm və heykəltəraşlıq əsərləri, qədim xalçalar, mühüm sənədlər və başqa dəyərli materiallar Ermənistana aparılıb. İndi bu əşyalar erməni mədəniyyəti nümunələri kimi xarici ölkələrdə hərraclarda satılır, muzeylərdə və müxtəlif sərgilərdə nümayiş etdirilir.
 
XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılıb, Şərq memarlığının incisi və Şuşanın rəmzi sayılan Gövhərağa məscidi viran qoyulub, Şuşa əsilli böyük Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri dağıdılıb. Şuşanın gerçək tarixi və mədəni siması yer üzündən silinmək üzrədir.
 
Bu gün Şuşa öz sakinlərindən, həqiqi sahiblərindən məhrum olmuş kabus şəhərdir. Biz isə sizə Şuşanın gözəl əyyamlarından danışacağıq.
 
Şuşanı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırdılar. Onun hər parçası, hər daşı bir tarix idi. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyurdu.
 
Bakıdan 373 kilometr məsafədə, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə geniş yaylada yerləşən Şuşa dağ iqlimli kurort idi. Onun ərazisində tikinti-inşaat materialları yataqları və mineral bulaqlar (Turşsu və Şirlan) var. Şuşa cənnətməkan olmaqla bərabər, həm də strateji əhəmiyyətli alınmaz qala idi.
 
Bu tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir. O, 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.
 
Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandırırlar. Deyilənə görə, şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə", sonra “Şuşa” adlandırıblar. Digər bir versiyaya görə, şəhərin adı “şüşə” sözündən əmələ gəlib.  Şuşa bulaqlarının suyu elə duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər.
 
Pənahəli xanın ölümündən sonra taxta öz dövrünün böyük dövlət xadimlərindən biri sayılan İbrahimxəlil xan (1763-1866) çıxıb. Onun hakimiyyəti illərində Qarabağ xanlığı qüdrətinin çiçəklənmə dövrünü yaşayıb.
 
Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli. Hər məhəllənin öz hamamı, məscidi və bulağı vardı. Şuşanın 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aid idi. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsi idi.
 
XIX əsrdə şəhərin qərb hissəsindəki dağlıq ərazidə daha 12 məhəllə salınıb və bununla da şəhərin siması tam formalaşıb.
 
Şəhərin cənub hissəsində yüksək üfüqi düzənlik yerləşir. Ona Cıdır düzü deyirlər. Rusiya hökmranlığının ilk dövrlərində Şuşa Qarabağın paytaxtı kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Güclü Qarabağ xanlığı Rusiyanın ürəyincə deyildi. Çar məmurları onu zəiflətmək üçün məkrli plan qurdular. Onlar yurdu-yuvası olmayan səfil erməniləri Qarabağa, xüsusən, Şuşaya köçürməyə başladılar.
 
İkinci Rusiya-İran müharibəsi zamanı İrandan Azərbaycana , o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə, cəmi iki il ərzində - 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. Ermənilərə Gəncə və İrəvan quberniyalarının ən yaxşı torpaqlarından 200 min desyatindən çox pay ayrılıb.
 
1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini ermənilər təşkil edirdi. Köçürülmə siyasəti nəticəsində azərbaycanlıların sayı azalaraq  64,4 faizə, ermənilərin sayı isə artaraq 34,8 faizə çatıb.
 
1900-1915-ci illərdə Şuşa iri iqtisadi mərkəzə çevrildi. Qafqazda ən böyük xalçaçılıq mərkəzi burada yerləşirdi. Şuşanın yalnız bir nəqliyyat yolu olub: şəhərin mərkəzindən keçən Ağdam-Əsgəran-Xocalı-Xanbağı (Xankəndi)-Ağa körpüsü-Şuşa yolu. Şuşada üzlük daş yatağı, Keçəldağ gil yatağı, şirin su yataqları, Şirlan və Turşsu mineral suları var. Dörd yüz əlli hektar ərazini əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa və Əsgəran ərazisindəki unikal təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə yaradılıb.
 
Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda məşhur olub. Şuşa dağlarında elə bir çiçək bitir ki, o çiçəyə daha heç bir yerdə təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Turşsu, Səkili, İsa, Şamil bulaqları, Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub.
 
Kurort və müalicəvi sanatoriya zonası kimi məşhur olan Turşsu Şuşanın 40 kilometrliyində Laçın yolunda yerləşir. Soldan Daşaltı çayı axır. Turşsu müalicəvi və profilaktik vannaları ilə məşhurdur. Gəzinti və istirahət yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o,  Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Ağzıyastı kaha isə Cıdır düzünün yaxınlığında səfalı bir yerdə, sıldırım qayalar arasında yerləşən mağaradır.
 
Şuşaya gələn turistlərin digər sevimli məkanı bənzərsiz və unikal təbiəti olan Cıdır düzü idi. Cıdır düzünün qərb hissəsində yan-yana düzülmüş və  sanki torpağa sancılmış üç mıxı xatırladan 3 təpədən ibarət Üçmıx dağı yerləşir. Sanatoriya və istirahət evlərində dincələn turistlər həmişə bu yerlərə seyrə çıxar və təbiətin Şuşaya bəxş etdiyi bu gözəlliyə valeh olardılar. Hər ilin may ayında Cıdır düzündə Xarıbülbül festivalı keçirilərdi.
 
Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar.  Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi.
 
XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb və yaradıb. Onun poeziyası Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafına böyük təsir göstərib. Vaqifin şeirləri əsasında xalq mahnıları yaranıb. Xanəndələr Vaqifin qəzəlləri üstündə muğam oxuyublar. 1970-ci illərin sonunda onun məzarı üzərində əzəmətli məqbərə  ucaldılıb.
 
Şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olub, burada yaşayıb, burada yaradıb və burada dünyadan köçüb. O, Azərbaycan ədəbiyyatına, elminə və incəsənətinə sanballı töhfə verib, Gövhərağa məscidinin divar naxışlarının çəkilməsində onun zəhməti var. XIX əsrin ikinci yarısından başlayaraq Şuşada musiqi məclisləri təşkil edilməyə başlayıb. Onların arasında Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın ”Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) məclisləri daha məşhur olub.
 
“Məclisi-üns”ün yaradıcısı istedadlı şairə və rəssam Xurşidbanu Natəvan olub. klassik Şərq musiqisinin xiridarı Xarrat Qulu Məhəmməd oğlunun  (1823-1883) Şuşada yaratdığı məclis haqqında maraqlı məlumatlar qalıb. Şəhərdə Şuşa Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi,  Şuşa Tarix Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Rəssamlıq Qalereyası, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi.
 
Şuşalıların çoxu bəy və xan nəslindən idi. Buna görə də çox təmkinli olublar. Şuşalıları hövsələdən çıxarmaq bir o qədər də asan məsələ deyildi. Amma bu təmkinin də öz həddi vardı. Bu həddi pozan hər kəs qarşısında qorxmaz, cəsur, ölümün gözünə dik baxan cəngavər görürdü.
 
Şuşada söyüş və nalayiq ifadələr eşitmək olmazdı. Şuşa bəlkə də dünyada yeganə yer idi ki, burada hətta ən nadinc uşaqlar futbol oynayanda söyüş söymürdülər. Şuşa çox firavan və təhlükəsiz şəhər idi. Respublika və dünya əhəmiyyətli mədəniyyət və tarixi abidələrinin zənginliyinə görə hələ sovet dövründə ona qoruq şəhər statusu verilmişdi.
 
XX əsrdə Şuşa üç dəfə ermənilərin məkrlik planlarının qurbanı oldu. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırıldı, 1920-ci ildə onun böyük hissəsi dağıdıldı. 1992-ci ilin mayında isə tamamilə işğal edildi.
 
289 kvadratkilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürüldü, 600 adam yaralandı, o cümlədən 150 nəfər əlil oldu, habelə 552 uşaq yetim qaldı, 68 mülki şəxs girov götürüldü və ya itkin düşdü, 25 mindən çox adam məcburi köçkünə çevrildi. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qaldı. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymadı, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirildi və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır.
 
Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmayacaq. Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyəcək.
 
 
Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.