Görkəmli şəxsiyyətlər

Fələki Şirvan

Fələki Şirvani Azərbaycan şairidir. O, Şamaxıda anadan olmuş, mükəmməl təhsil almış, poeziyası yüksək sənətkarlığı ilə sayılıb-seçilən istedadlı bir şair olmuşdur.

 

Əsərləri, xüsusən qəsidələri tarixilik baxımından olduqca dəyərlidir. Fələki Şirvani Xaqani Şirvaninin müasiri olmuş, Əbül-üla Gəncəvidən şeir-sənət dərsi almış, Şirvanşahların mötəbər saray şairlərindən sayılmışdır. Onun ədəbi irsinin bir qismi dövrümüzədək gəlib çatmışdır. Fələkinin yaradıcılığında qəsidə mühüm yer tutur. O, Şirvanşah Mənuçöhrə bir sıra qəsidələr yazmış və bu şeirlərdə hökmdarın ölkəni qəhrəmanlıqla qorumasını, ağır zamanlarda xalqın dərdini çəkməsini və fəlakətlərə qarşı mərdliklə mübarizəsini göstərmişdir. Şair hansı səbəbdənsə saray böhtanlarına məruz qalmış, bir müddət zindana salınmış, mülkü əlindən alınmış, bu münasibətlə məşhur "Həbsiyyə" qəsidəsini yazmışdır. Bu əsərdə şairin şikayəti, gileyi, kədəri, dərdi, iztirabları ətraflı, səmimi şəkildə ifadə edilmişdir.

 

Avtobioqrafik səciyyəli bu əsər XII əsr Azərbaycan ictimai-siyasi şeirinin ən gözəl nümunələrindəndir. Fələki yaradıcılığında məhəbbət lirikası çox güclüdür. Burada şair sevinc və kədərini ifadə etməyə daha geniş imkanlar tapır. O, bu anlarda oxucularla sanki dərdləşir, başına gələnləri onlara danışır. Şairin məhəbbət və təbiət lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. "Hər gecə ayrılığın bağrımı qan etdi, inan" şeiri bu cəhətdən səciyyəvidir. Xaqani Şirvani onun ölümünə şeir həsr etmiş, Yaxın Şərqin, demək olar ki, bütün orta əsr təzkirələrində Fələki Şirvani yaradıcılığından bəhs olunmuş, əsərlərindən nümunələr verilmişdir. Şərqdə, Avropada, digər ölkələrdə Fələki irsi ilə hələ XVII əsrdən maraqlanmağa başlamışlar. Onun əsərləri vaxtilə ingilis dilinə sətri tərcümə olunmuş, iranlı alim Hadi Həsən şairin pərakəndə halında əlyazmalarını cəmləşdirərək, 1929-cu ildə Londonda və Tehranda nəşr etdirmişdir. 1197 beytdən ibarət divanın nəşri Fələki Şirvani yaradıcılığının ən dəyərli, ən qiymətli məhsuludur. Bəzi mənbələrdə Fələki Şirvaninin "Ehkamül-nücum" ("Astrologiyaya dair mühakimələr") adlı əsər yazdığı da göstərilir.

 

Fələki Şirvani yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. 1940-cı ildə Bakıda çap olunmuş "Nizaminin müasirləri", 1978-ci ildə filologiya elmləri doktoru Cahangir Qəhrəmanovun tərtib etdiyi iki cildlik "Sevdiyim şeirlər" kitablarında Fələki Şirvaninin şeirlərindən nümunələr verilmişdir. Şərqşünas alimlərdən Y.Bertels, A.Krımski, R.Azadə və digərləri şairin həyat və yaradıcılığını ətraflı araşdırmış, əsərlər, məqalələr yazmış, çap etdirmişlər.